Kia şirkəti qlobal bazarlarda satılacaq K5 sedanı üzərindən sirr pərdəsini qaldırıb. Yeni model Smartstream ailəsindən olan güc aqreqatlarına və tarixində ilk dəfə olaraq tam ötürmə sisteminə sahib olub.
Yeni Kia K5 modeli firma dizayn üslubunun təkamülünün nümayiş etdirilməsi üçün platforma olaraq seçilib. Fastbəkin eksteryeri üzərində koreya markasının Avropa, ABŞ və Cənubi Koreyada yerləşən üç dizayn mərkəzinin mütəxəssisləri çalışıblar. Avtomobil, radiator barmaqlığına inteqrasiya olunmuş və “ürək döyüntülərini” xatırladan gündüz hərəkət işıqlarına, həmçinin aqressiv ön hissəyə və güclü formalara sahib olub.
Kia Optima modelinin yeni nəsli sələfinə görə daha böyük olub. Sedanın uzunluğu 50 mm, eni isə 25 mm artıb. Avtomobilin hündürlüyü isə əksinə 2 mm azalıb. Təkər bazasının uzunluğu da 45 mm artıb. Beləliklə, Kia K5 modelinin qabarit uzunluğu 4905 mm, eni – 1860 mm, hündürlüyü – 1483 mm, təkər bazasının uzunluğu isə 2850 mm təşkil edir. Bundan başqa, sedan 16-18 düym arasında olan müxtəlif rəng tərtibatına malik olan təkər diskləri ilə təchiz edilir. Kia K5 GT modelinə isə 19-düymlük təkər diskləri, başqa bamperlər və buraxılış sisteminin iki tərəfli çıxış boruları qismət olub.
Yeni Kia K5 modelinin salonu rəqəmsal eraya daxil olub: burada iki böyük ekranı, iqlim sisteminin sensorlu blokunu və “avtomatın” ənənəvi selektorunu əvəz etmiş şaybanı görmək olar. Bahalı versiyalar 12,3-düymlük virtual cihazlar paneli ilə təchiz ediləcəkdirlər. Sadə versiyalar isə analoq cihazlar panelinə və 4,2-düymlük ekrana sahib olacaqdırlar. 10,25-düymlük taçskrinə malik olan multimedia sistemi səslə idarələnmə sisteminə malikdir. Eyni zamanda, bu funksiya iqlim sisteminə və oturacaq ilə sükanın qızdırılma funksiyalarına da şamil olunur.
Opsiyalar siyahısına Krell audiosistemi, 12 dinamikə və Sound of Nature funksiyasına malik olan Bose səs sistemi, quraşdırılmış videoregistrator, Mood Lightining ətraf işıqlandırması, həmçinin avtomobilin smartfondan açılması və mühərrikin işə salınması funksiyası daxil edilib. Bu sistemdən NFC texnologiyalı Android platformasında olan qurğuların sahibləri istifadə edə bilərlər.”Rəqəmsal açarın” fəaliyyət radiusu bir neçə santimetr təşkil etdiyinə görə onun surətini çıxarmaq o qədər də asan deyil.
Bazarlardan asılı olaraq K5 modelinin oturacaqlarının tərtibatında parça, süni və əsl dəridən istifadə ediləcəkdir. Dekor elementləri metaldan və “ağacı” xatırladan teksturaya malik olan materaildan hazırlanacaqdırlar.
ABŞ və Cənubi Koreyada Kia K5 180 at qüvvəsi və 265 Nm fırlanma anı hasil edən1,6-litrlik T-GDi turbomühərriki ilə təklif ediləcəkdir. Bir sıra bazarlarda sedan 152 at qüvvəsi və 192 Nm fırlanma anı hasil edən 2,0-litrlik MPI, 160 at qüvvəsi və 190 Nm hasil edən 2,0 CVVL, həmçinin 194 at qüvvəsinə və 246 Nm-ə malik olan 2,5-litrlik GDi mühərriklər ilə təchiz olunacaqdır. Kia K5 GT modifikasiyası isə 290 at qüvvəsi və 45 Nm fırlanma anı hasil edən 2,5-litrlik T-GDi turbomühərriki ilə təklif ediləcəkdir. Sonradan hibrid güc qurğuları da modelin mühərrik çeşidinə daxil ediləcəkdirlər.
2,5 T-GDi mühərrikindən başqa bütün güc aqreqatları 6 və 8 pilləli avtomatik transmissiyalar ilə təchiz olunacaqdırlar. Ən güclü turbomühərrik isə iki “yaş” muftası olan 8-pilləli “robot” ilə tandemdə çalışacaqdır. Bundan başqa, K5 dörd təyin edilmiş və bir fərdi rejimi olan Drive Mode Select hərəkət rejimləri sistemi ilə də təchiz ediləcəkdir. Nəhayət, ilk dəfə olaraq K5 tam ötürmə sistemi ilə təklif olunacaqdır.
ADAS adlandırılmış elektron yardımçılar kompleksinə avtomobilin ön və arxa hissəsinə, həmçinin kor zonalara nəzarət sistemi, adaptiv kruiz-kontrol, dairəvi görüntü sistemi, zolaqda saxlama və sürətli magistrallarda hərəkət yardımçısı daxil olacaqdır. Remote Smart Parking Assist sistemi brelokun köməkliyi ilə sedanı məsafədən park etməyə imkan verəcəkdir.
Kia K5 modeli qlobal bazarlarda 2020-ci ilin birinci yarısında satılmağa başlayacaqdır.