Bir neçə gün bundan öncə, yeni Kia K8 modelinin interyerinin casus şəkillərini dərc etmişdik. Bu gün isə, Cənubi Koreya istehsalçısı rəsmi şəkillərlə paylaşmaq qərarına gəlib. Artıq yeni K8 modelinin interyeri daha aydın şəkildə görünür: bayraqdar sedan vahid əyri gövdədə birləşdirilmiş iki 12-düymlük displeyə, daha bahalı tərtibat materiallarına, habelə Kia şirkətinin iddiasına görə avtomobil sənayesində ən yaxşı səs sistemi olan Meridian audiosisteminə malik olub.
Kia K8 sedanının salonunda premium avtomobillərin bir çox atributlarına rast gəlmək olar. Məsələn, oturacaqların üzlənməsində bahalı dəlikli nappa dərisindən istifadə edilib, dekorativ işləmələr isə, əsl ağac və metallardan hazırlanır. Ön paneldə, sol hissəsi virtual cihazlar panelinə, sağ hissəsi isə multimedia üçün ayrılmış əyri panoram ekran var.
Mərkəzi konsoldakı sensorlu blok, eyni zamanda, iqlim sistemini və məlumat-əyləncə kompleksini idarə edir. Yeri gəlmişkən, rejimləri dəyişmək üçün düyməyə basmaq kifayətdir. Bundan başqa, mərkəzi tuneldə transmissiyanın şayba formalı selektorunu görmək olar. Sükanda isə. yeni Kia loqotipi diqqəti çəkir
K8 sedanı 14 dinamikli Meridian səs sisteminə sahib olan ilk Kia avtomobilidir. Modelin daha bir xarakterik xüsusiyyəti, şirkətin “Ulduz Buludu” (Star Cloud) adlandırdığı ətraf işıqlandırmasıdır - sistemin elementləri qapı və paneldəki dekorativ işləmələri işıqlandıracaq şəkildə yerləşdirilib.
Kia K8 modelinin xarici görünüşü fevral ayında göstərilib. Sedan rombşəkilli naxışı və yan tərəfədə dekorativ naxışları olan qeyri-adi çərçivəsiz radiator barmaqlığını alıb. Arxa tərəfdə isə, vizual olaraq qanadlar sahəsində iki hissəyə bölünən vahid üfüqi işıq texnikası quraşdırılıb.
K8 sedanı, Kia model çeşidindəki K7/Cadenza modelini əvəz edəcəkdirr. Yeni model 300 at qüvvəli 3,5-litrlik benzin mühərriki və ya hibrid güc qurğusu ilə təchiz olunacağı gözlənilir. Kia K8 modelinin təqdimatı yaxın vaxtlarda keçirilməlidir. Yeni sedanın Cənubi Koreyadakı satışlarına 2021-ci ilin sonuna qədər start veriləcəkdir.