Üç il əvvəl böyük Kia K8 sedanı Kia K7/Cadenza modelini əvəz edib və eyni zamanda yeni korporativ emblemi daşıyan ilk seriya modeli olub. Şirkətin qlobal model çeşidində K8 sedanı K5 modeli ilə flaqman K900 sedanı arasında yerləşir. O vaxtdan bəri Kia yeni korporativ dizayna keçib ki, onun da ilk daşıyıcıları K3 və K4 modelləri olub. Genişmiqyaslı restaylinqdən keçən Kia K8 sedanı da eyni üslubda görünüşə malik olub.
Avtomobilin ən böyük dəyişikliklərə məruz qalan hissəsi “üzüdür”: K8 indi LED zolaq ilə virləşən şaquli faraları alıb. Kia şirkəti ilk dəfə olaraq, avtomobilin kilidini açib-bağlanması zamanı yüngül animasiya rejimini də tətbiq edib.
Ön bamper tamamilə dəyişdirilib, mozaika şəkilli dekorasiya və gündüz hərəkət işıqları yoxa çıxıb, buraxılış sisteminin arxa bamperdəki saxta çıxış borularından imtina edilib. Effektiv cizgiləri olan bütöv arxa fənər və spoylerin “quyruğu” dəyişməz qalır.
Yeni dayaq sedanın uzunluğunu 35 millimetr (5050 millimetr) artırıb. Əlbəttə ki, yenilənmiş həndəsi dizayna malik olan sedan başqa təkər disklərini alıb və indi çeşiddə 20 düymlük disklər də (əvvəllər ən böyük disklər 19 düymlük olub) daxildir.
İlk baxışdan interyerdəki dəyişikliklər o qədər də geniş miqyaslı deyil. Ön panel günəşliksiz iki ekranı olan eyni arxitekturanı qoruyub saxlayıb, lakin əslində o tamamilə yenidir. Havalandırma sisteminin hava kanallarının və klimat-kontrol blokunun yeri dəyişdirilib.
Mərkəzi tunel tamamilə yenidən işlənib, ona pərdəli stəkanlaraltılar və simsiz enerji doldurma üçün ikiqat platforma əlavə edilib. Dəyişikliklərin siyahısını yeni sükan çarxı və təkmilləşdirilmiş tərtibat materialları tamamlayır.
Texniki hissə əvvəki kimidir. Yenilənmiş Kia K8 dördsilindrli 2,5 GDI (198 at qüvvəsi, 248 Nm) atmosfer mühərriki və Smartstream ailəsinin 3,5-litrlik V6 mühərriki ilə təklif olunacaq: benzin GDI versiyasında o 300 at qüvvəsi və 359 Nm, LPI propan versiyasında isə, 240 at qüvvəsi və 314 Nm hasil edir.
Bütün bu mühərriklər səkkiz pilləli avtomatik transmissiya və ön ötürmə ilə birlikdə çalışırlar. 300 at qüvvəli versiya üçün arxa oxu qoşma muftası ilə tam ötürmə sistemini də sifariş etmək olar.
İlin sonunadək 1,6 T-GDI “turbodördlüyü” (180 at qüvvəsi) və altı pilləli avtomatik transmissiyaya quraşdırılmış elektrik mühərriki (65 at qüvvəsi) olan hibrid çeşidə qaytarılacaq. Bu versiyalar ön ötürməlidirlər.
Artıq Cənubi Koreya bazarında yenilənmiş Kia K8 modelinə sifarişlər qəbul edilir. Dördsilindrli sedanın qiymətləri 37,4 milyon vondan (27 400 dollar), V6 versiyasının - 40,5 milyon vondan (29 700 dollar), ən bahalı hibrid versiyasının isə, 51,7 milyon vondan (37 900 dollar) başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.