Kia şirkəti Las-Vegasda işinə başlamış istehlak elektronikasının sərgisində (CES) Niro EV elektrik krossoveriniun konseptini nümayiş etdirib. Yeni krossover piyadalarla “ünsiyyət” yaratmaq və beşinci nəsil mobil şəbəkəyə qoşulmaq imkanına malikdir.
Niro EV Kia şirkətinin 2025-ci il üçün nəzərdə tutulan istehsal planının tərkib hissəsidir. Bu plana əsasən, koreya istehsalçısı hibrid, elektrik və yanacaq elementləri ilə qidalanan güc qurğuları ilə hərəkət edən yeni 16 modeli təqdim etməlidir. Cənubi Koreya dizayn studiyasında yaradılan konseptin başlıca xüsusiyyətlkərindən biri ənənəvi radiator barmaqlığının yerində quraşdırılmış interaktiv displeydir. Bu panel, CES sərgisində nümayiş etdirilən piyadaları xəbərdar edən aktiv sistemin (Active Pedestrian Warning System) bir hissəsidir.
Bu sistemin tərkibinə öndə yerləşdirilən və obyektləri aşkar etmək qabiliyyətinə malik olan kamera, həmçinin bir neçə dinamik daxildir. Piyada və ya velosipedçini aşkar edən sistem, onları səs və vizual siqnallar ilə avtomobilin yaxınlaşdığı barədə xəbərdar edir.
Kia Niro EV krossoveri 204 at qüvvəsi hasil edən elektomotor və 64 kilovat-saatlıq litium-polimer batareyalar dəsti ilə təchiz edilir. Elektromobilin yürüş məsafəsi 383 kilometr təşkil edir. Niro EV Concept modeli ilə birlikdə Kia şirkəti gələcək seriya modellərində quraşdırılacaq məlumat-əyləncə sisteminin yeni interfeysini nümayiş etdirib.
Avtomobilin əsas funksiyalarının idarə edilməsi ya sensorlu displey və yaxud əl jestləri vasitəsi ilə həyata keçirilir.
Bununla belə, əvvəllər yaddaşda saxlanılmış tənzimləmələrin seçilməsi üçün üzün və yaxud səsin tanınması funksiyasından istifadə edilir.
Las-Veqasda keçirilən sərgidə daha bir neçə sistem debüt edib. Bu 5G şəbəkəsi ilə işləmək funksiyası və səs axınlarının bölünməsi (Separate Sound Control) sistemidir.
Bu sistem aktiv səs-küyün yatırılması funksiyasından istifadə edərək iki səs zonası yaradır və ön və arxa cərgənin sərnişinlərinə müxtəlif musiqiyə qulaq asmaq imkanı verir.
Kia şirkətinin ACE (Autonomous, Connected, Eco/Electric) kod adlı strategiyası üç vacib elementdən ibarətdir. İlkin olaraq, 2021-ci ildə dördüncü səviyyə avtonomluğa malik olan avtonom idarəetmə sisteminin istismara buraxılması nəzərdə tutulur. 2030-cu ildə birləşdirilən hibrid avtomobillərin istehsalı planlaşdırılır. Üçüncü mərhələ tamn elektrik ötürməsi ilə hərəkətə gələn elektromobillərin istehsalıdır.