Bu gün Kia şirkəti yeni nəsil Mohave modelinin interyeri üzərindəki sirr pərdəsini tamamilə götürüb. Yeni Mohave radikal şəkildə dəyişdirilmiş interyer arxitekturasına və dəbdəbəli salon tərtibatına malik olub.
Yeni ofrouderin salonunda 12,3-düymlük virtual cihazlar panelini görmək olar. Bundan başqa, ön panelin mərkəzində multimedia sisteminin eyni ölçüyə malik olan sensorlu displeyi quraşdırılıb. Mərkəzi konsolun aşağı hissəsində smartfonların naqilsiz doldurulmasını təmin edən meydança da mövcuddur. Yeni multimedia sistemi səslə idarəetməni dəstəkləyir.
Yeni nəsil Mohave modelinin salon tərtibatını dəbdədbəli adlandırmaq olar – interyerin üzlənməsində qara-qəhvəyi rəngli dəridən istifadə edilmiş, azərbaycanlıların “paxlava”, istehsalçıların rombşəkilli tikişlər adlandırdığı dəbdəbə elementindən geniş istifadə edilmişdir. Dəbdəbə hissiyatının gücləndirilməsinə şpondan hazırlanmış dekor elementləri xidmət edir.
Opsiyalar arasında ön kreslolar qızdırılma və soyutma funksiyası, proyeksiya displeyi, ikinci cərgənin sərnişinləri üçün nəzərdə tutulmuş klimat-kontrol sisteminin fərdi idarəetmə bloku vardır. İkinci və üçüncü oturacaq cərgəsinin qatlanması, həmçinin baqaj qapağının açılması elektrik ötürməsinin köməyi ilə həyata keçirilir.
Mərkəzi konsoldakı hərəkət rejimlərinin idarəetmə selektoru Mohave modelinin altı hərəkət rejiminə malik olduğunu göstərir: Comfort, Eco, Sport, Sand, Mud və Snow. Ofrouder təkmilləşdirilmiş asqıya və yeni sükan mexanizminə də sahib olub.
Yeni Kia Mohave Cənubi Koreyada 3,0-litrlik dizel mühərriki, səkkiz pilləli avtomatik qutu və tam çəkiş sistemi ilə təklif ediləcəkdir. Dizel aqreqatı 256 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edir. Ofrouder vətənində 39242 dollardan başlayan qiymətlərlə satılacaqdır.