Cənubi Koreyada Kia Mohave modelinin Gravity adlandırılmış top versiyasının satışları başlanır. Ofrouder üçün zəngin avadanlıq dəsti, o cümlədən qara rəngli 20-düymlük təkər diskləri, qapılardakı işıqlandırma və salonun alkantara ilə tərtibatı nəzərdə tutulub. Mohave Gravity digər versiyalardan bahalıdır - oturacaqların sayından asılı olaraq 55,47 milyondan 56,52 milyon vona (77,3 - 78,8 min manat) başa gəlir. Əvvəllər Mohave modelinin top versiyasının qiyməti 51,8 milyon von (72,2 min manat) təşkil edirdi.
Kia Mohave Gravity avtomobili beş, altı və yeddi yerlik salon, alternativsiz 260 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edən 3,0-litrlik turbodizel və səkkiz pilləli avtomatik transmissiya ilə təklif olunur. Bundan əlavə, yolsuzluq avtomobili bir neçə rejimi və elektron idarəetməsi olan tam ötürmə sistemi ilə təchiz edilir.
Ən bahalı Mohave Gravity modeli 12.3-düymlük virtual cihazlar paneli, multimedia sisteminin eyni ölçülü displeyi, proyeksiya displeyi, adaptiv kruiz-kontrol və sürücüyə yardım sistemləri dəsti ilə təchiz edilir. Sonuncunun tərkibinə zolağa nəzarət sistemi, parkinq köməkçisi və kor zonalara nəzarət sistemi daxildir.