Artıq heç kimə sirr deyil ki, KİA şirkəti iki il bundan öncə təqdim etdiyi Nitro konseptinin seriya variantını təqdim etməyə hazırlaşır. Bu günlərdə Cənubi Koreya istehsalçısı yeni avtomobilin iki tizerini dərc etmişdir. Tizerlərdən göründüyü kimi, Nitronun seriya variantı konseptə nisbətən nəzərə çarpacaq dərəcədə dəyişikliklərə məruz qalmışdır. Avtomobilin dizaynı KİA şirkətinin Kaliforniyadakı və Namyaqdakı dizayn mərkəzlərinin birgə məhsuludur. KİA Nitro eksteryer cəhətdən, bir müddət bundan öncə debüt etmiş Sportage modelinin yeni nəsli ilə bənzərlik daşıyır.
Koreyalılar avtomobilin texniki xüsusiyyətlərini açıqlamasalar da, krossoverin, tərkibinə 105 at qüvvəsi və 147 Nm fırlanma anı olan 1,6-litrlik GDi mühərriki, 32 kilovattlıq elektromotor və 6-pilləli «robot» sürətlər qutusu daxil olan hibrid güc aqreqatı ilə təchiz ediləcəyi məlumdur.
Bu aqreqat 100 kilometrə 4,5 litr yanacaq işlədərəkdir. Koreyalıların bildirdiyinə görə, hibridin ətraf mühitə vurduğu ziyan minimal olmalıdır - CO2 göstəricisinin səviyyəsi 90 q/km təşkil edir. Cənubi Koreya istehsalçısının nümarəndələri avtomobilin əsas rəqibinin Toyota şirkətinin Prius modeli olacağını bildirmişlər. Onlar hibrid krossoverin şansının sedandan daha çox olduğunu qeyd edərək, Nitronun yapon rəqibinə nisbətən daha uğurla satılacağına inandıqlarını bildirmişlər.
KİA şirkətinin mətbuat xidmətinin bildirdiyinə görə, Nitro modelinin rəsmi təqdimat mərasimi fevral ayında baş tutacaq Çikaqo avtomobil sərgisində keçirilməlidir.