Bir şassi üzərində quraşdırılan və dəyişdirilə bilən üstqurum və ya kuzovlardan istifadə ideyası heç də yeni deyil. Artıq uzun müddətdir ki, bu ideyadan kommersiya avtomobilləri seqmentində uğurla istifadə olunur və “skeytbord” platformalarında inşa edilmiş elektromobillərin kütləvi yayılması sayəsində daha da geniş vüsət alıb.

Ancaq praktikada funksional üstqurumların dəyişdirilməsi indiyə qədər yalnız zavodda və ya ixtisaslaşdırılmış kuzov sexlərində həyata keçirilir. Kia şirkəti fəaliyyət istiqamətini istismar zamanı dəyişə biləcək konseptual modelləri nümayiş etdirib.

Koreya şirkəti PBV konsepsiyası üzərində işlədiyini üç il əvvəl elan edib. O zaman bu abbreviatura Purpose-Built Vehicles kimi açıqlanırdı. İndi isə, CES 2024 istehlakçı elektronikası sərgisində, eyni anda, perspektivli modul PBV platformasında inşa olunmuş üç konsept təqdim edilib. Ən maraqlısı odur ki, indi bu arxitektura Platform Beyond Vehicles adlanırlar.

Debüt çeşidinə PV1, PV5 və PV7 modelləri daxildir. Onların hamısı bir neçə dəqiqə ərzində kuzov modullarını dəyişməyə imkan verirlər: məsələn, bir şassi gün ərzində sərnişin taksisi kimi işləyə, gecələr isə çatdırılma furqonuna çevrilə bilər. 

Buna nail olmaq üçün mühəndislər kuzovu iki hissəyə bölməyi təklif edirlər: sürücü və funksional zonalarına. Bölmələri bir-birinə başlamaq üçün isə, mexaniki sıxaclar və elektromaqnit bağlayıcılardan istifadə edirlər. Bütün dəyişdirmə modulları standartlaşdırılmış dəstlər şəklində çatdırılacaqlar.

Rəqəmsal indekslərdən göründüyü kimi, hər üç konsept ölçü və məqsədləri ilə fərqlənirlər. Kiçik model  sayılan Kia PV1 yığcam şəhər furqonudur, böyük Kia PV7 isə iri furqon və minivenlər sinfində çıxış edir. 

Bununla belə, kütləvi istehsala ən yaxın olan, artıq “canlı” mövcud olan orta ölçülü Kia PV5 modelidir. O, ölçülərinə görə məşhur Volkswagen Transporter/Caravelle və ya Peugeot Traveler/Expert modelləri ilə müqayisə oluna bilər.

Layihədə artıq PV5 modelini mikroavtobusa, furqona (hər iki halda müxtəlif hündürlükdə olan dam variantları var) və ya açıq yük bölümü olan pikapa çevirən modullar mövcuddur. Təəssüf ki, hələlik modelin texniki xüsusiyyətləri açıqlanmayıb. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lakin perspektivli modul platformasına geniş avtonom idarəetmə imkanlarının qoyulduğu bildirilib. Üstəlik, istismar və texniki xidmət statistikasını göndərməyə imkan verən xüsusi proqram təminatı da nəzərdə tutulub. Bu, nəqliyyat parklarının sahibləri və menecerlərinin həyatını çox asanlaşdırmalıdır.

Kia şirkəti PV5 modelinin kütləvi istehsalına 2025-ci ildə başlamağı planlaşdırır, bunun üçün Cənubi Koreyanın Xvason şəhərində PBV platformasına əsaslanan avtomobillər üçün ayrıca zavod tikiləcək. Müəssisə ildə 150 min elektromobil buraxmaq gücünə malik olacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.