Kia şirkəti əhdinə vəfa edərək, bu gün yeni yığcam krossoveri olan Seltos modelini təqdim edib. Yeni krossover koreya istehsalçısının model xəttində Soul və Sportage modellərinin arasında yer alıb. Yeni krossoverin dizaynı bu il Seul avtosalonunda təqdim edilmiş Kia SP Signature konseptinə əsaslanır. Kia şirkəti bu dizayn üslubunun gələcək modellərində də tətbiq edəcəyini bildirib.
Kia Seltos modeli maraqlı dizayna malikdir. Məsələn, avtomobilin ikimərtəbəli ön işıq texnikası o dəqiqə diqqəti cəlb edir. Avtomobilin ön və arxa fənərləri, hətta duman əleyhinə fənərləri belə işıqdiodlarından hazırlanıb. Yeni krossover 235/45 ölçülü şinlər taxılmış 18-düymlük təkər diskləri ilə təchiz edilmiş GT Line təchizat səviyyəsində daha cəlbedici görünür. Digər təchizat səviyyələri 16 və 17 düymlük təkər disklərinə malik olacaqdırlar.
Koreyalılar yeni krossoverdə «müasir dizaynın, yığcam ölçülərin və geniş salonun vəhdət təşkil etdiyini» bildirirlər. Kia dizaynerləri məhz bu cəhətin Y nəslindən olan müştəriləri cəlb edəcəyini söyləyirlər. Təəssüflər olsun ki, bu vəhdəti hələlik hiss edə bilmirik, çünki istehsalçı avtomobilin interyerinin şəkillərini dərc etməyib.
Əvvəllər dərc edilmiş eskizlərdə Seltos modelinin bölünən 10,25-düymlük mərkəzi displeyə malik olduğu görünür. Bundan əlavə, krossover opsional olaraq, rəqəmsal cihazlar paneli, 8-düymlük proyekiya displeyi, altı mövzuya və səkkiz rəngə malik olan Sound Mood ətraf işıqlandırması və səkkiz dinamikli premium Bose səs sistemi ilə təchiz edilə bilər.
Kia Seltos modelinin mühərrik çeşidinə iki benzin və bir diael mühərriki daxil edilib. Benzin mühərriklər 177 at qüvvəli 1,6-litrlik T-GDI və 149 at qüvvəli 2,0-litrlik atmosfer mühərrikləri ilə təmsil olunurlar. Krossoverin dizel versiyası isə 136 at qüvvəli 1,6-litrlik dizel aqreqatı ilə təklif ediləcəkdir. Krossover üç transmissiya ilə təchiz edilir: iki muftalı 7-pilləli 7DCT “robotu”, 6-pilləli “avtomat” və CVT variatoru. Bundan başqa, Kia Seltos üç rejimə (Normal, Eco və Sport) malik olan hərəkət rejimləri sistemnə malikdir.
Yeni krossoverin istehsalı Cənubi Koreya və Hindistanda aparılacaqdır. Krossoverin satışlarına bu ilin ikinci yarısında start veriləcəkdir.