Kia şirkəti Cənubi Koreya bazarında yenilənmiş Carnival minivenini təqdim edib. Model yenidən işlənilmiş xarici görkəmə və genişləndirilmiş avadanlıq siyahısına sahib olub.
Yenilənmiş miniven əvvəlkindən başqa radiator barmaqlığına, yeni bamperlərə və LED elementləri olan işıq texnikası ilə seçilir.
Miniven altı, yeddi, doqquz və on bir yerlik modifikasiyalarda təklif olunur. Bundan əlavə, altı yerli modifikasiyanın ikinci cərgədəki oturacaqları ayaq dəstəkləri ilə də təchiz edilə bilər. Kia Carnival modelinin təchizatına kor zonalara nəzarət sistemi, zolaqda saxlama funksiyası, qəzaları önləyən sistem, avtomatik uzaq işıqlar, adaptiv kruiz-kontrol, arxa görüntü kamerası,smartfonların induksiyon doldurulması və multimedia sistemi daxil edilib.
Carnival 280 at qüvvəli 3,3-litrlik altısilindrli benzin və 202 at qüvvəli 2,2-litrlik dörd silindrli dizel mühərriki ilə təklif edilir. Güc aqreqatları səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Bu aqreqat altı pilləli avtomatik qutunu əvəz edib. Cənubi Koreyada miniven 38,8 milyon vona (61,5 min manat) satılır.