KIA şirkəti D-seqmentində ilk universal kuzovlu avtomobilini - Optima Sportswagon modelini rəsmi olaraq təqdim etmişdir. Yeni avtomobilin rəsmi təqdimat mərasimi mart ayının əvvəllərində işinə başlayacaq Cenevrə avtomobil salonunda baş tutacaqdır. KIA Optima Sportswagon modeli 2015-ci ildə nümayiş etdirilmiş Sportspace konseptinin seriya variantıdır. Universalın qabarit uzunluğu 4855 millimetr, eni - 1860 millimetr, hündürlüyü - 1470 millimetr, təkərlərarası bazasının uzunluğu isə 2805 millimetr təşkil edir. Beləliklə, universal kuzovlu Optima sedan variantında 5 millimetr hündürdür.
KIA Optima Sportswagon modelinin baqaj bölməsinin həcmi 553 litr təşkil edir ki, bu da sedanda olduğundan 48 litr daha çoxdur. 40:20:40 nisbətində bölünən arxa oturacaqlar avtomobilin baqaj bölümünü müxtəlif növ əşyaların daşınması üçün əlverişli edir. Bundan əlavə, Optima Sportswagon modelinin baqaj bölümünün qapağının avtomatik olaraq açılıb-bağlanmasını təmin edən Smart Power Tailgate sistemi ilə təchiz edilmişdir.
KIA Optima Sportswagon modelinin mühərriklər qammasına sedan kuzovlu avtomobildən tanış olan 163 at qüvvəsi və 196 Nm fırlanma anı olan 2,0-litrlik förd silindirli benzin mühərriki və 141 at qüvvəsi və 340 Nm fırlanma anı olan 1,7-litrlik dizel mühərriki daxil edilmişdir. Yeni modelin bərkgedən variantı olacaq Optima Sportswagon GT modeli isə 245 at qüvvəsi və 353 Nm fırlanma anı olan 2,0-litrlik T-GDİ mühərriki ilə hərəkətə gələcəkdir.
Benzin mühərrikləri 6-pilləli mexaniki və ya avtomatik sürətlər qutusu ilə təchiz ediləcəkdir. Dizel mühərriki isə 6-pilləli mexaniki sürətlər qutusu ilə yanaşı 7-diapazonlu 7DCT robotlaşdırılmış ikimuftalı sürətlər qutusu ilə birləşdiriləcəkdir.
Yeni universalın təchizatına adaptiv kruiz-kontrol, kor zonalara və zolaqlara nəzarət sistemi, avtomatik təcili əylənmə sistemi, adaptiv fənərlər, sürət limitinə nəzarət sistemi və arxadan toqquşma riskinin xəbərdarlıq sistemi daxildir.
Bundan başqa, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən 7 və ya 8-düymlük sensorlu displeyi olan multimedia sistemi, naqilsiz mobil telefonların qidalandırma sistemi və 590 vattlıq Harman/Kordon audisistemi (opsional olaraq) də avtomobilin avadanlıqlar sırasına əlavə edilmişdir.