Cari, dördüncü nəsil Kia Sorento modeli 2020-ci ildən satışdadır. İndi isə, Kia şirkəti orta ölçülü krossoverin yenilənmiş versiyasını təqdim edib. Bununla belə, koreyalılar yenilənmiş modelin texniki hissəsi barədə təfərrüatları açıqlamayıblar.

Yenilənmiş Kia Sorento modelinin dizaynı böyük Telluride krossoverinin üslubundadır: radiator barmaqlığı böyüyüb, ön bamper fərqli görünür, kapot isə daha uzundur. Arxa tərəfdəki ən nəzərə çarpan dəyişiklik arxa işıqlardakı bəndin peyda olmasıdır. Sorento Kia şirkətinin ilk dəfə EV6 elektrokarında istifadə etdiyi “ziddiyyətlərin birliyi” kimi tərcümə olunan Opposites United adlı firma dizayn üslubunu alıb.

Salonda iki ayrı ekranın əvəzinə 12,3-düymlük rəqəmsal cihazlar panelini və multimedia sisteminin eyni ölçülü ekranını özündə birləşdirən vahid klaster peyda olub. Bu dəyişiklik, havalandırma sisteminin deflektorlarının yerinin yenidən nəzərdən keçirilməsi ilə nəticələnib. Klimat-kontrolun sensor düymələri olan yeni bloku da peyda olub. Yeni funksiyalar arasında barmaq izinin skan edilməsi də var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kia mühərriklər haqqında məlumatı avqustun ortalarına planlaşdırılan rəsmi təqdimatda açıqlamağı planlaşdırır. Bununla belə, fundamental dəyişikliklər gözlənilmir: çeşiddə əvvəlki kimi benzin, dizel və hibrid güc qurğuları olacaq, mühərriklər isə bazardan asılı olaraq fərqlənəcəklər. Yenilənmiş Sorento modelinin satılacağı ilk bazar doğma Cənubi Koreya olacaqdır. Digər bazarlardakı satışlara daha sonra başlanmalıdır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.