Kia şirkəti Avropa bazarında satılan Sportage krossoverini yeniləyib. Yenilənmiş krossover genişləndirilmiş baza təchizatına və yeni təchizat səviyyəsinə malik olub. Bundan başqa, 1.6 CRDi turbodizeli hibrid əlavəni əldə edib. Bu modernləşdirmə karbon qazı tullantılarının orta səviyyəsini azaltmağa yönəlibdir.
Yenilənmiş Kia Sportage modelinin 136 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edən 1,6-litrlik turbodizeli 48 voltluq startyor-generatora sahib olub. Tutumu 0,44 kilovat-saat olan dartma batareyası ilə birlikdə işləyən elektrik mühərriki, krossoverə yerindən tərpənən zaman və gillətmə ilə gedərkən yanacağa qənaət etməyə imkan verəcəkdir. Əyləcləmə zamanı yaranan kinetik enerjinin rekuperasiyası sayəsində batareyanı təkrar doldurmaq mümükün olacaqdır.
Yumşaq hibrid sistem "ağır" yanacaq ilə işləyən versiya üçün məcburi olacaqdır. Elektrikləşdirilmiş turbodizel altı pilləli mexaniki ötürmələr qutusu və ya 7-pilləli "robot" ilə tandemdə çalışır. Mexaniki transmissiya ilə təchiz edilmiş krossoverlər ön ötürmə, robotlaşdırılmış qutu ilə təchiz edilən modifikasiya isə həm ön, həm də tam ötürmə ilə təchiz edilə bilər.
1,6-litrlik benzin mühərriklər krossoverin mühərrik çeşidində qalıb: GDi mühərriki 132 at qüvvəsi (161 Nm), T-GDi turboversiyası isə 177 at qüvvəsi (265 Nm) hasil edir.
Multimediya sisteminin 7-düymlük displeyi təqaüdə göndərilib. Kia Sportage modelinin baza versiyası çərçivəsiz 8-düymlük displey və naviqasiya sistemi ilə təchiz ediləcəkdir. Yenilənmiş modelin standart avadanlıqlar siyahısına 17-düymlük təkər diskləri, qızdırılan ön və arxa oturacaqlar, iki zonalı klimat-kontrol və kruiz-kontrol, yağış və işıq sensorları, həmçinin elektriklə tənzimlənən yan güzgüləri daxil edilib.
Yenilənmiş Kia Sportage modelinin satışa çıxarılacağı ilk bazar Birləşmiş Krallıq olacaqdır. Artıq, yenilənmiş krossoverin qiymət siyahısı da dərc edilib: fərdiləşdirilmə opsiyalarını nəzərə almasaq, krossover qiyməti 23,445 ilə 30,510 funt arasında dəyişir. Yenilənmiş Kia Sportage krossoverlərinin satışına 2020-ci ilin dördüncü rübündə başlanacaqdır.