Kia şirkəti özünün ən yeyin və güclü modeli olan Stinger fastbekinin dinamik xüsusiyyətlərini dəqiqləşdirmişdir. Yerindən 100 km/saat sürətini avtomobilin ən güclü variantı 5,1 saniyəyə deyil, 4,9 saniyəyə toplayır. Bu barədə məlumatı istehsalçı Seul avtosalonunda aşıqlamışdır.
Xatırladaq ki, Kia Stinger modelinin ilk rəsmi təqdimatı yanvar ayımda keçirilmiş Detroyt avtosalonunda baş tutmuşdu. Təqdimat zamanı Stinger modelinin 100 km/saat həddinə beş saniyədən bir qədər artıq müddətə sürətləndiyi bildirilmişdir. İndi isə, avtomobilin bu həddə daha tez çatdığı bəyan edilmişdir. Qeyd etmək lazımdır ki, BMW M3 modeli bu işə 4,1 saniyə sərf edir.
Kia Stinger modelinin ən güclü variantı 370 at qüvvəsinə malik olan 3,3-litrlik altı silindrli turbomühərrik və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. V6 mühərriki ilə yanaşı, yeni model 255 at qüvvəli 2,0-litrlik dörd silindrli benzin turbomühərriki və 200 at qüvvəli 2,2-litrlik dizel güc aqreqatı ilə də təklif edilir. Kia Stinger fastbekinin dizel modifikasiyası ilk «yüzlüyü» 8,5 saniyəyə toplayır və 225 km/saat maksimal sürətə malikdir.
Stinger əlavə ödənişlə yüksək sürtünməli differensialı olan arxa çəkiş və dartma vektoruna nəzarət edən sistemi olan tam çəkiş sistemi ilə də təchiz edilə bilər.