Yayın əvvəlində Kia şirkəti Avstraliya, Yeni Zelandiya, Uruqvay, Kosta-Rika və Fransada Tasman ticarət nişanını qeydə almaq üçün müraciət edib. Qərb mediası belə nəticəyə gəlib ki, bu ad altında Avstraliya və Yeni Zelandiya bazarlarına dizel mühərriki ilə təchiz edilmiş çərçivəli pikap çıxmalıdır. Şayiələrə görə, model üçün mühərrik Mohave ofrouderindən götürüləcək - söhbət 277 at qüvvəsi hasil edən 3,0-litrlik V6 turbodizelindən gedir.
Bütün bunları dolayısı ilə Avstraliyadakı Kia dilerləri də təsdiqləyiblər. Onlar jurnalistlərə brendin yerli bazar üçün hazırladığı planlar haqqında danışıblar. İddialara görə, avtomobil istehsalçısı model xəttini Toyota Hilux və Ford Ranger pikapları ilə rəqabət aparacaq pikapla genişləndirəcəyini vəd edib. Modelin hədəfləri 1000 kiloqram yükgötürmə qabiliyyəti və yedəyə götürüləcək qoşqunun maksimum çəkisinin 3500 kiloqram olmasıdır.
“Drive” nəşrinin yeni məlumatlarına görə, yeniliyi çox gözləmək lazım olmayacaq: Kia Tasman modelinin debütü 2024-cü ilə planlaşdırılır. 2025-ci ilin birinci yarısında pikap Cənubi Koreyadakı zavodun konveyer xəttinə çıxacaq və ilin iki yarısında Avstraliyadakı dilerlərə çatdırılacaq.
Tasman pikapının görünüşünə gəlincə, çox güman ki, yenilik Mohave ofrouderinin üslubunda dizayna malik olacaqdır. Xatırladaq ki, Kia Mohave 2019-cu ildə nəsil dəyişdirib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.