Bu gün Kia şirkəti ilk pikapının - Tasman modelinin ilk şəklini dərc edib. Qlobal bazarda satılacaq pikap, Yeni Zelandiyadan olan rəssam Riçard Boyd-Dunlop tərəfindən yaradılmış Avstraliya üslubunda rəngarəng kamuflyajla örtülüb. Tasmaniyanın adını daşıyan və C seqmentində çıxış edən çərçivəli pikap 2025-ci ildə debüt edəcək, Cənubi Koreya, Afrika və Yaxın Şərqdə satılacaq. Bununla belə, Tasman üçün əsas bazar məhz Avstraliya olacaq.
Hələlik təsdiqlənməmiş məlumatlara görə, Kia Tasman pikapı Mohave ofrouderi ilə eyni platformanı paylaşacaq. O, Ford Ranger, Volkswagen Amarok və Toyota Hilux modelləri ilə rəqabət aparacaq və 1000 kiloqram yükgötürmə qabiliyyətinə malik olan orta ölçülü pikap olacaq. Dərc edilmiş şəkildə ikicərgəli kabini olan pikap təsvir olunub, lakin bir cərgəli kabini, mono və tam ötürməsi olan variantların təklif ediləcəyi də söylənilir.
Pikapın salonu rahatlığa köklənib. Salonda Kia EV9 modelindəki kimi iki ekranlı klasterin quraşdırılacağı gözlənilir. Tasman modelin təchizatına yaddaş funksiyası olan oturacaqlar, şüşə lyuk, ətraf işıqlandırması və qadcetlərin simsiz doldurulması üçün meydança daxil olacaq.
Avstraliya mənbələrinin məlumatına görə, Tasman əvvəlcə yalnız turbodizel mühərriki ilə satılacaq. Ola bilsin ki, o, Sorento modelindən götürülmüş səkkiz pilləli “robot” ilə tandemdə çalışan 194 at qüvvəli 2,2-litrlik dördsilindrli mühərriki alacaq.
Pikapın top versiyasının daha məhsuldar 3,0-litrlik altısilindrli aqreqat ilə təchiz olunacağı istisnaa edilmir. Sonradan elektrik versiyası da debüt edə bilər: Kia şirktinin “batareyalı” pikapın üzərində işlədiyi məlumdur.
Yəqin ki, Tasman modelinin təqdimatı ilin sonuna qədər baş tutmalıdır. Kia pikapın satışlarına gələn il başlamalıdır. Pikap Avstraliya ilə yanaşı, Cənubi Koreya, Afrika və Yaxın Şərq bazarlarına da daxil olacaq. Maraqlıdır ki, bundan əlavə, Tasman adı Uruqvay, Kosta Rika və Fransada da patentləşdirilib.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.