Keçən il debüt edən yığcam Kia Sonet krossoveri Hindistan bazarı üçün xüsusi olaraq hazırlanıb və yalnız 3995 millimetrlik uzunluğa malikdir. Bunun səbəbi bu ölkədə dörd metrdən qısa olan avtomobillərə tətbiq edilən ciddi vergi güzəştləridir. Bu gün isə Kia şirkəti üç oturacaq cərgəsinə malik olan Sonet 7 krossoverini nümayiş etdrib. Maraqlıdır, mühəndislər belə kiçik avtomobilə üçün cərgəni necə inteqrasiya ediblər?
Kia Sonet 7 modelinin uzunluğu 4120 millimetrdir, lakin bunun əlavə sıra ilə heç bir əlaqəsi yoxdur. İş orasındadır ki, yeddi nəfərlik krossover Sonet modelinin ilk ixrac bazarlarından biri olan İndoneziyada təqdim edilib.
Bu ölkədə dörd metrlik avtomobillər üçün imtiyazlar yoxdur və ona görə də, dizaynerlər ixrac avtomobillərini daha "qalın" və cəlbedici görünüşlü bamperlər ilə təchiz ediblər ki, bu da ümumi uzunluğu 125 millimetr artırıb. Kuzov isə dəyişilməz qalıb.
Sonet modelinin üçüncü cərgəsi çox yığcamdır və yalnız uşaqları qəbul edə bilər (rəsmi məlumatlara görə boyu 160 santimetrdən çox olmayan insanlar üçün nəzərdə tutulub). Məlum məsələdir ki, baqajın yalnız adı qalıb. Arxada üçüncü cərgəni yerləşdirmək üçün, mühəndislər döşəmənin formasını dəyişdirməli olublar.
Bundan başqa, ikinci cərgədə fərqli oturacaqlar quraşdırılır: onlar təkcə irəli əyilmirlər, həm də 60:40 nisbətində bölünürlər. Xatırladaq ki, beş nəfərlik Sonet modelində arxada bütöv divan quraşdırılır. Bu konfiqurasiya isə "5 + 2" düsturuna daha uyğundur.
Oturacaq sayından asılı olmayaraq, Kia Sonet modeli İndoneziyada yalnız 115 at qüvvəli 1,5-litrlik benzin mühərriki, altı pilləli mexaniki qutu və ya IVT variatoru ilə təklif edilir. Ötürmə - yalnız ön oxadır. Xatırladaq ki, Hindistanda mühərrik çeşidi daha genişdir.
Üçüncü sıra üçün ödəniş 450 dollardır və əlavə oturacaqlar beş təchizat səviyyəsindən dördü üçün əlçatandır. İndoneziyada Kia Sonet 7 modelinin qiyməti 13,700 dollardan başlayır.