Kia Sorento krossoverinin dördüncü nəsli bir neçə ay əvvəl təqdim edilib. O zaman, istehsalçı krossoverin hibrid güc qurğusu ilə təchiz ediləcəyini bildirmişdi. Əlbəttə ki, indi belə bir modifikasiyanın Avropa bazarında təklif edilməsi son dərəcədə vacibdir, buna görə də, Kia şirkəti gecikmədən yeni güc qurğusu ilə təchiz edilmiş krossoverin istehsalına başladığını elan edib.
Avropada satılacaq Kia Sorento Hybrid modeli benzin və dizel versiyaları ilə paralel olaraq Hvasondakı zavodda istehsal edilir. Hibrid güc qurğusunun tərkibinə 180 at qüvvəsi və 265 Nm fırlanma anı hasil edən 1,6-litrlik T-GDI benzin turbomühərriki və 60 kilovatlıq elektromotor quraşdırılmış 6-pilləli avtomatik transmissiya daxildir.
Bu tandemin hasilatı 230 at qüvvəsi və 350 Nm fırlanma anı təşkil edir. Ön sərnişin oturacağının altında yerləşən litium-ion dartma batareyasının tutumu cəmi 1,49 kilovat-saatdır. Batareya məişət elektrik şəbəkəsindən doldurulmur.
Sonradan Kia Sorento modeli təkrar doldurulan hibrid güc qurğusu ilə təklif ediləcəkdir. Yenilənmiş Hyundai Santa Fe krossoveri artıq belə modifikasiyaya malikdir: benzin mühərriki və avtomatik transmissiya Sorento modelindəki ilə eynidir, lakin elektrik mühərriki 91 at qüvvəsinə sahibdir.
Hibrid qurğunun hasilatı 265 at qüvvəsi və 350 Nm frılanma anı təşkil edir. Dartma batareyalarının blokları ön oturacaqların altında yerləşir və onların ümumi tutumu 13,8 kilovat-saat təşkil edır. Böyük ehtimalla, bu komponentlərin hamısı Kia Sorento modelində quraşdırılacaqdır.
Bir müddət sonra, Kia şirkəti hibrid güc qurğusu ilə təchiz edilmiş Sorento krossoverlərinin Şimali Amerikada buraxılmasını təşkil edəcəkdir. Avtomobillər Vest Poynt (Corcia ştatı) şəhərindəki zavodda buraxılacaqdırlar.