Kia şirkəti yığcam Soul krossoverini yeni turbomühərriklə təchiz etmək niyyətindədir. Bu barədə məlumat, Koreya istehsalçısının Şimali Amerika bazarı üçün hazırladığı reklam çarxının altyazısında getmişdir. Kia Soul krossoverinin turbovariantı bu ilin sonlarında dilerlərin salonlarında nümayiş etdirilməlidir. Bununla belə, Cənubi Koreya istehsalçısı krossoverin hansı turbomühərriki alacağını bildirməmişdir. Ehtimallara görə bu turbomühərrik, 1,6-litrlik dörd silindirli güc aqreqatı olacaqdır.
Hazırda bu turbomühərrik yeni nəsil Sportage krossoverinin mühərrik qammasına daxil edilmişdir. Yeddi pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışan turbomühərrik 177 at qüvvəsi gücə malikdir.
Bundan başqa, həmin mühərrikin 204 at qüvvəsi olan variantını «qaynar» Kia cee’d GT hetçbekinin kapotunun altında aşkar etmək olar. Bu variant altı pilləli mexaniki sürətlər qutusu ilə birlikdə çalışır.
Hal-hazırda Kia Soul modeli Azərbyacan bazarında 124 və 128 at qüvvəsi olan 1,6-litrlik və 154 at qüvvəsi olan 2,0-litrlik mühərriklərlə təklif edilir.
Krossoverləri altı pilləli «mexanika» və ya altı diapazonlu «avtomat» ilə sifariş etmək mümkün olsa da, bizim bazarda üstünlük «avtomata» verilir. Azərbaycan bazarında bu modelin satışlarına çox güman ki, gələn il başalanacaqdır.