Kia şirkəti təqdimatdan əvvəl yeni Syros krossoveri üzərindəki sirr pərdəsini qismən götürüb. Əsas bazarı Hindistan olacaq yenilik tizer şəkillərində göstərilib, eyni zamanda, onun debüt tarixi açıqlanıb – təqdimat dekabrın 19-a planlaşdırılıb.
Syros kvadrat formalı kuzova və təkər tağlarındakı kvadrat örtmələrə malikdir ki, bu da onun ofroud xüsusiyyətlərinə işarə edir. Bununla belə, yenilik subkompakt seqmentə aiddir – onun uzunluğu dörd metrdən çox deyil. Hindistanda Syros benzin və dizel mühərrikləri ilə təklif olunacaq.
Yerli model xəttində Kia Syros krossoveri Sonet modelindən bir pillə yuxarıda yerləşəcək. İlk tizerlərində yenilik böyük EV9 elektrik krossoveri üslubunda şaquli gündüz hərəkət işıqlarına, L formalı arxa işıqlara, dam reylinqlərinə və “gizli” qapı tutacaqlarına malik olacağı görünür.
Kia artıq Syros modelinin rəqəmsal cihazlar panelini, multimedia sisteminin 10,3-düymlük ekranını, Bose audiosistemini, panoram damı, havalandırılan oturacaqları və ADAS elektron təhlükəsizlik sistemləri dəstini, həmçinin altı təhlükəsizlik yastığını alacağını təsdiqləyib.
Mühərrik çeşidinə 1,0-litrlik benzin turbomühərriki və 1,5-litrlik dizel mühərriki daxil olacaq. Onlar altı pilləli mexaniki və avtomatik transmissiya ilə tandemdə çalışacaqlar. Ötürmə - yalnız ön təkərlərə olacaq.
Kia şirkətinin yeni modelin şəkillərini təkcə Hindistan resurslarında deyil, həm də qlobal platformalarda yaymasını nəzərə alsaq, Syros modelinin gələcəkdə başqa ölkələrdə də satışa çıxacağını gözləmək olar. Amma əsas baza yenə də Hindistan olacaq, krossoverlərin istehsalını da burada təşkil edəcəklər. Satışlar 2025-ci ildə başlamalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.