Üçüncü nəsil Kia Ceed ailəsi müxtəlif kuzov çeşidi ilə öyünə bilərdi, çünki ailəyə standart hetçbek və universal ilə yanaşı, Proceed şutinq-breyki və Xceed kross-hetçbeki də daxil ldi. Xceed sadəcə boyanmamış plastiklə örtülmüş və artırılmış klirensi olan hetçbek deyildi: o, dinamik profilə və arxa dam dirəklərində əlavə pəncərələri olmayan unikal kuzova malik idi. İndi bu kross-hetçbek yenilənib və Ceed ailəsinin yeganə üzvü olaraq qalır, çünki digər versiyalar ötən il debüt etmiş Kia K4 modeli ilə əvəz olunublar.
Yenilənmiş Kia Xceed modelinin xarici görünüşü müasir Opposites United firma dizayn üslubuna uyğunlaşdırılıb. Ön hissədə üfüqi faraların əvəzinə şaquli işıqlar peyda olub, radiator barmaqlığı isə, dar bir yarıq halına gətirilib. Bununla belə, yeni ön bamperdə böyük hava girişi var. Arxa hissədə artıq LED zolaqla birləşdirilmiş mürəkkəb formalı arxa fənərlər nəzərə çarpır. Yeni arxa bamperdə böyük gümüş örtmə peyda olub. Kuzovun yan hissələri dəyişməz olaraq qalır (hətta güzgü korpusları da saxlanılıb), lakin həndəsi dizaynlı yeni təkər diskləri hazırlanıb.
Yenilənmiş Kia Xceed
İnteryerdə Kia markasının hazırkı elektromobillərinin üslubunda tərtibata malik olan tamamilə yeni ön panel var. Sürücünün qarşısında çoxlu fiziki düymələri olan iki qollu sükan çarxı yerləşib, cihazlar paneli və media sistemin 12,3 düymlük ekranları isə, vahid blokda birləşdiriliblər. Yeni iqlimə nəzarət blokunda sensorlu idarəetmə orqanları fırlanan düymələr ilə qonşuluq edirlər. Yeni elektron köməkçilər də daxil olmaqla, genişləndirilmiş opsiyalar siyahısı və təkmilləşdirilmiş gediş rahatlığı vəd edilir.
Yenilənmiş Kia Xceed
Yenilənmiş Kia Xceed modelinin texniki hissəsi barədə dəqiq bilinən yeganə şey, onun benzin və mülayim hibrid güc qurğuları ilə təchiz ediləcəyidir. Yenilənmədən əvvəlki hetçbeklər altı pilləli mexaniki transmissiya ilə tandemdə çalışan 1.0 T-GDI turbo mühərriki (115 at qüvvəsi) və ya yeddi pilləli ikimuftalı “robot” ilə tandemdə çalışan 1.6 T-GDI mühərriki (150 və ya 180 at qüvvəsi) ilə təchiz olunurdu.
Yenilənmiş Kia Xceed krossover hetçbekinin istehsalı əvvəlki kimi Slovakiyanın Jilina şəhərindəki zavodda həyata keçiriləcək və burada ona Kia Sportage krossoveri, həmçinin EV4 və EV2 elektomobilləri yoldaşlıq edəcəklər. Ceed ailəsinin qalan nümayəndələrinin Avropadakı istehsalına artıq son verilib, yeni Kia K4 isə, Meksikadakı zavoddan tədarük olunur. Hazırda restaylinqdən əvvəlki Xceed modeli Almaniyada 27.000 avrodan başlayan qiymətlərlə satılır. Yenilənmiş avtomobillərin istehsalına 29 mayda start veriləcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









