Kia şirkəti əvvəllər CV kod adı ilə tanınan EV6 elektrokarını təqdim etməyə hazırlaşır. Yeni elektrokar “texnologiyalar vitrini” rolunda çıxış edəcək və yeni E-GMP platformasında inşa edilmiş ilk Kia avtomobili olacaqdır.
Yeni krossoverin xarici görünüşü futuristik Imagine by Kia konsept avtomobili ilə bənzər dizayna malik olacaq və markanın elektrikləşməyə doğru istiqamətləndiyini əks etdirəcəkdir. Bu günə qədər yeni krossover casusların qarşısına güclü kamuglyaja bürünmüş sınaq prototipi şəklində çıxıb.
Yeni şəkillərdən göründüyü kimi, EV6 aerodinamik kuzova, meylli dama və güclü şəkildə mailliyinə malik olan arxa dayaqlara sahibdir. Ön tərəfdə nazik LED fənələr, çıxıntılı arxa hissədə isə, bumeranq şəklində dönmə siqnalları və baqaj qapısının eni boyu uzanan əyləc işıqları quraşdırılıb.
Bundan əvvəl, casuslar EV6 modelinin virtual cihazlar paneli və multimedia sistemindən məsul olan iki böyük planşet ekranı quraşdırılmış interyerini çəkməyi bacarıblar. Yəqin ki, bir-birinə yaxın olan ekranlar vizual olaraq vahid şüşə altında birləşdiriləcəklər.
Kia EV6 modeli, Hyundai Ioniq elektromobillərinin inşa edildiyi E-GMP platformasına əsaslanacaqdır. İlkin məlumatlara görə, yeni elektrokar mühərrik çeşidini Ioniq 5 krossoveri ilə bölüşəcəkdir: ən güclü elektrokar 306 at qüvvəsi və 605 Nm fırlanma anı hasil edən ikimühərrikli qurğu və tam ötürmə sistemi ilə təchiz ediləcəkdir.
Xatırladaq ki, belə konfiqurasiyaya malik olan Hyundai Ioniq 5 modeli 100 km/saat həddinə 5,2 saniyəyə sürətlənir.
Kia EV6 krossoverinin baza versiyasını 58 kilovat-saatlıq, top versiyasını isə 72,6 kilovat-saatlıq batareya ilə təchiz dəcəklər. İri tutumlu batareyaya sahib olan arxa ötürməli krossover, WLTP dövrünə əsasən, cərəyan yükləmədən 480 kilometrə qədər məsafə qət edə biləcəkdir.
Ioniq 5 modelində olduğu kimi, Kia EV6 krossoverinin batareya sistemi də 800 voltluq gərginlik altında işləyəcəkdir. Batareyanın 350 kilovatlıq terminaldan doldurulmasına 20 dəqiqə vaxt gərək olacaqdır.
Daha əvvəl, Kia şirkəti yeni elektromobillərin adlarının EV hərflərindən və rəqəmdən ibarət olacağını bildirib. Hərflər ənənəvi olaraq “yaşıl” mühərrikə, rəqəm isə avtomobilin model xəttindəki mövqeyinə işarə edir.