Koreyalı avtomobil istehsalçısı hələlik yalnız yeni elektrokarın şəkillərini paylaşıb. Təfərrüatlar isə, fevralın 27-də İspaniyada keçiriləcək Kia EV Day tədbirində açıqlanacaqlar. Şəkillərdə həm idman sedanını, həm də EV4 hetçbekini görmək mümkündür - onlar öndən eyni görünür, lakin elektromobillərin arxa hissəsi nəzərəçarpacaq dərəcədə fərqlənir. Özü də təkcə konstruktiv cəhətdən deyil...

Həm hetçbek, həm də sedan Opposites United üslubunda dizayna malikdir. Elektromobillərin ön hissəsinin tərtibatı eynidir: gündüz hərəkət işıqların nazik LED zolaqları olan ön optikanın şaquli blokları, kapot xətti boyunca uzanan parlaq qara zolaq, detallarla yüklənməmiş sanballı bamper və aşağı hissədə böyük bir toru olan radiator barmaqlığı. Eksteryerdə xrom yoxdur, onun əvəzinə parlaq qara rəngdən istifadə olunub.

Profildən hetçbek standart görünür. Onun qısa kuzov çıxıntıları, arxa dayaqların ardındakı əlavələri, arxa pəncərənin üstündəki geniş spoyleri, habelə tağlar, kandarlar və bamperlərdəki müdafiə örtükləri var, qapı tutacaqları isə, irəli çıxandırlar. Lakin sedan yan tərəfdən daha maraqlıdır: onun aşağı kapot xətti və bir qədər qaldırılmış "quyruğa" çevrilən uzun maili damı olan axarlı kuzovu var. Damın sonunda spoyler quraşdırılıb. Dörd və beşqapılı modellərin arxa fənərlərinin forması fərqlidir.

Şəkillərdəki sedan idman üslublu GT-Line tərtibatındadır, odur ki, 19-düymlük təkər diskləri və daha aqressiv kuzov dəsti ilə seçilir. EV4 modelinin interyeri hələlik göstərilməyib, lakin onn tərtibatında ekoloji cəhətdən təmiz materiallardan - təkrar emal edilmiş pambıq və təbii boyalardan istifadə ediləcəyi bildirilib.
Qeyri-rəsmi məlumatlara görə, EV4 modeli iki batareya variantı - 58,3 və 81,4 kilovat/saatlıq batareyalar ilə təklif olunacaq və ön oxa quraşdırılmış 201 at qüvvəli elektrik mühərriki ilə hərəkətə gələcək. Daha ətraflı məlumat yaxın həftələrdə verilməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.