Kia şirkətinin yeni yığcam krossover hazırladığını artıq hər kəs bilir. Koreya istehsalçısı bir müddətdir ki, bu modelin tizerlərini dərc edərək, ona olan marağı körükləməklə məşğuldur. Kia bir müddət bundan öncə yığcam krossoverin eksteryer və interyerinin eskizlərini də dərc edib. Bu gün isə, Cənubi Koreya istehsalçısı krossoverin adını açıqlayıb – Seltos.
Əslində Autoblog.com saytı sayəsində Kia Seltos modelinin eksteryeri dizaynı və adı bizim üçün sirr deyil. Bu yaxınlarda sayt avtomobilin reklam çarxının çəkilişləri zamanı paparazzilər tərəfindən çəkilmiş şəkillərini dərc etmişdi.
Kia marketoloqları avtomobilin adının yunan mifologiyasından götürüldüyünü söyləyirlər. Onlar avtomobilin əfsanəvi qəhrəman Heraklın oğlu Keltin (Celtos) şərəfinə adlandırıldığını bildiriblər. Bəs onda niyə Celtos deyil, məhz Seltos? Koreaylılar bunun səbəbinin krossoverə xas olan sürət, üslub, zəriflik, məkan və idman (bu sözlər ingilis dilində "S" hərfi ilə başlayırlar) kimi xüsusiyyətlər ilə izah edirlər.