Kia şirkəti yeni nəsil K5 modelinin eksteryer dizaynı üzərinfəki sirr pərdəsini qaldırıb. Yeni sedanın rəsmi şəkilləri ilə bərabər müəyyən məlumat da dərc edilib. Bizim bazarda Kia Optima kimi tanınan model çox cəlbedici görünüşə malik olub.
Gündüz hərəkət işıqlarının effektiv formaları və baqaj qapağı boyu uzanan arxa fənərlər bloku ilə yanaşı, Kia Optima ön hissənin başqa formalı tərtibatına və daha iti siluetə sahib olub. Diqqət yetirsəniz eskizlərdə gördüyümüz arxa “qəlsəmələr” də qorunub-saxlanıbdır.
Bu formalara baxmayaraq, Optima liftbekə çevrilməyib – model əvvəlki kimi sedan kuzovu ilə təklif ediləcəkdir. Bununla belə, avtomobilin siluetindəki xrom elementlər sedan kuzovunu liftbeklərə məxsus olan dinamiklik ilə təmin edir. Xrom haşiyəni nəinki yan pəncərələr, həmçinin arxa şüşə də əldə edib. Yeri gəlmişkən, daha bir yenilik çərçivəsiz qapılardır. Bundan başqa, 16-19 düym arasında olan müxtəlif rəng tərtibatına malik olan təkər diskləri də vəd edilib.
Kia Optima modelinin yeni nəsli sələfinə görə daha böyük olub. Seanın uzunluğu 50 mm, eni isə 25 mm artıb. Avtomobilin hündürlüyü isə əksinə 2 mm azalıb. Təkər bazasının uzunluğu da 45 mm artıb. Beləliklə, Kia K5/Optima modelinin qabarit uzunluğu 4905 mm, eni – 1860 mm, hündürlüyü – 1483 mm, təkər bazasının uzunluğu isə 2850 mm təşkil edir.
Çox güman ki, yaxın vaxtlarda Kia yeni modelin interyerinin şəkilləri ilə də bölüşər. Qeyd etmək lazımdır ki, növbəti nəsil Kia Optima modelinin interyerində də ciddi dəyişikliklər baş verəcəkdir. Optima iri sensorlu displeyə malik olan multimedia sistemini və sensorlu idarəetmə bloku olan iqlim sistemini əldə edəcəkdir.
Şirkət daxilindəki mənbələr yerli bazar üçün nəzərdə tutulmuş yeni Kia K5 modelinin təqdimatının dekabr keçiriləcəyini bildiriblər. Əgər söylənənlər doğrudursa, modelin satışlarına 2020-ci ilin əvvəlində başlana bilər.