Kia şirkəti təqdim etməyə hazırlaşdığı yeni yığcam krossoverin interyerini göstərib. Hələlik eksiz formasında olan şəkillərdə yeni krossoverin 10,25-düymlük mərkəzi displeyə və Sound Mood Lighting ətraf işıqlandırmasına malik olduğu görünür.
Kia ön panelin və ümumilikdə salonun dizaynının gənc alıcılara ünvanlandığını bildirib. Gəncləri yüksək keyfiyyətli tərtibat materialları və dəbli dekor elelmentləri cəlb etməlidir. Bunlara misal olaraq havalandırma sisteminin deflektorlarının metal haşiyələrini göstərmək olar. Eyni zamanda, Sound Mood Lighting interyerin kontur işıqlandırması salonun bir hissəsi olacaqdır.
Yeni krossoverin dizaynı bu il Seul avtosalonunda təqdim edilmiş Kia SP Signature konseptinə əsaslanır. İstehsalçının söylədiyinə görə, onun gələcək modelləri məhz belə dizayna malik olacaqdırlar. Yeri gəlmişkən, konseptin bir çox stilistlik elementləri seriya avtomobilinə dəyişmədən köçürülübdür. Onların arasında radiator barmaqlığının yuxarı hissəsini haşiyələndirən gündüz hərəkət işıqlarının zolaqları olan ön LED fənərlər, uzun kapot və arxa bamperdəki çıxış borularını xatırladan dekorativ elementlər də vardır.
Koreyalılar yeni krossoverdə «müasir dizaynın, yığcam ölçülərin və geniş salonun vəhdət təşkil etdiyini» bildirirlər. Kia dizaynerləri məhz bu cəhətin Y nəslindən olan müştəriləri cəlb edəcəyini söyləyirlər. Yeni krossoverin Cənubi Koreyadakı satışlarına bu ilin sonuna qədər başlanacaqdır. Sonradan model Avropa istisna olmaqla başqa bazarlarda da təklif ediləcəkdir.