Hyundai qlobal model çeşidindəki krossoverlərin sayına görə, hələ də Volkswagen şirkətindən geri qalır, lakin fərq getdikcə azalır. Bu gün Cənubi Koreya təmsilçisi yeni bir krossoveri təqdim edib - kiçik Hyundai Exter modelini. O, ilk növbədə, istehsal olunduğu Hindistan üçün hazırlanıb, baxmayaraq ki, onun digər ölkələrə də ixrac edilməsi planlaşdırılır.

Exter olduğundan böyük görünür: hündür kuzov, iri təkər tağları, bamperlərdəki plastik müdafiənin imitasiyası, dam reylinqləri buna xidmət edirlər. Bəyan edilən klirens 185 millimetrdir. Amma əslində Exter çox kiçik bir avtomobildir.

Onun uzunluğu cəmi 3815 millimetrdir. Exter modelini, hətta Hyundai Venue modelində olduğu kimi, min bir fənd ilə güzəştli hind normativlərinə (dörd metrdən çox olmayan) uyğunlaşdırılmağa gərək qalmayıb.

Exter modelinin eni - 1710 millimetr, hündürlüyü isə 1631 millimetrdir. Təkər disklərinin diametri 14 və ya 15 düym ola bilər. Krossover Hyundai Grand i10 Nios hetçbeki və Hyundai Aura sedanı ilə eyni platformanı bölüşür, hətta onların təkər bazası da eynidir - 2450 millimetr.

Ən sadə şassi öndə McPherson dayaqlarına, arxada isə, yarımüstəqil asqıya malikdir.

Bütün versiyalarda baraban tipli arxa əyləclər var və tam ötürmə sistemindən söhbət belə gedə bilməz. Əslində, mühərrik seçimi də demək olar ki, yoxdur: 1,2-litrlik dördsilindrli mühərrik benzin (83 at qüvvəsi, 114 Nm) və ikiyanacaqlı versiyalarda təklif olunur. Metanla işləyən mühərrikin hasilatı cəmi 69 at qüvvəsi və 95 Nm təşkil edir.

Lakin 60 litrlik qaz balonuna əlavə olaraq standart 37 litrlik yanacaq çəni də var. Əsas sürət qutusu beş pilləli mexaniki transmissiyadır, onun bir muftalı robotlaşdırılmış versiyasını yalnız benzinlə işləyən avtomobillər üçün sifariş etmək olar.

Exter modelinin salonu beş nəfər üçün nəzərdə tutulub, amma nədənsə ikinci cərgədə mərkəzi baş dayağı yoxdur. Standart avadanlığa altı təhlükəsizlik yastığı, ABS, kondisioner və rəqəmsal (səfər kompüterinin rəngli ekranı və şkalaların ayrıca displeyləri) panel daxildir.

Sabitləşdirmə sistemi və səkkiz düymlük ekranı olan media sistemi artıq ikinci təchizat səviyyəsindədir, lakin demək olar ki, qalan şeylər daha bahalı versiyaların imtiyazıdır. Bunlar İnternetə çıxış, naviqator, klimat-kontrol, arxa görüntü kamerası, lyuk, kruiz-kontrol, mühərriki işəsalma düyməsidir.

Image alt Image alt Image alt

Hətta sükan çarxının hündürlüyünün tənzimlənməsi də opsiyadır: o, bazada sərt şəkildə bərkidilib! İki obyektiv (ikincisi salona yönəldilir) olan adi videoqeydalan da var.

Hindistanda qiymətlər artıq açıqlanıb. Orada Exter modelinin baza versiyası 600 min rupiyə, yəni 7.300 dollara başa gələcəkdir. "Robot" ilə təchiz edilən top versiya üçün bir milyon rupi (12.100 dollar) istəyirlər. Yerli bazarda Exter Tata Punch, Suzuki Ignis və Citroen C3 modelləri ilə rəqabət aparacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.