İtalyan Kimera Automobili startapı 1980-ci illərin ilk yarısında rally traslarında fırtınalar əsdirən Lancia 037 kupesinin müasir interpretasiyası olan Evo37 restomodunu təqdim edib.
Lancia 037 modeli “Group B” kateqoriyası üçün xüsusi olaraq hazırlanmış ilk avtomobildir. Lancia Martini fabrik komandası 1982-1986-cı illər arasında bu avtomobil ilə Dünya Ralli Çempionatının beş mövsümündə çıxış edib. Bu müddət ərzində Lancia 037 italyan komandasına dünya rallisində altı qələbə və istehsalçılar çempionatında isə bir titul qazandırıb.
Lancia 037 sportkarı Dünya Ralli Çempionatında ən yüksək səviyyədə müvəffəqiyyət qazanan son arxa ötürməli avtomobil olub. Eyni zamanda, Lancia 037 "Group B" kateqoriyasının ən gözəl yarış avtomobili idi – onun dizaynı üzərində Pininfarina studiyasının mütəxəssisləri işləmişdilər.
Əfsanəvi kupenin canlandırılması layihəsinin arxasında iş adamı, sabiq ralli pilotu və idman meneceri Luca Betti dayanır. İtalyalı iş adamı 80-ci illərin əvvəllərində orijinal Lancia 037 modelinin yaradılmasında iştirak etmiş təcrübəli mütəxəssislər qrupunu toplayıb: Sergio Limone yeni avtomobilin şassisi ilə məşğul idi, Klaudio Lombardi mühərriki hazırlayırdı və mühəndis Vittorio Roberti ilk prototipin istehsalından məsul idi.
Maraqlıdır ki, Kimera Evo37 yalnız əfsanəvi Lancia modelinin görünüşünü təqlid etmir. Restomodun yaradıcıları 80-ci illərin orijinal konstruksiyasını inkişaf etdiriblər. Onlar sanki Lancia modelinin yeni təkamülünü hazırlayıblar – heç vaxt mövcud olmayan Lancia 037 Evo 4 kimi.
Məsələn, orijinal Lancia 037 modeli Lancia Beta Monte Carlo kupesinin əsasında inşa edilmişdi: kuzovun mərkəzi hissəsi seriya avtomobilindən götürülmüş, ona ön və arxa tərəfdən ikiqollu asqıları olan orijinal borulu alt çərçivələr qaynaq edilmişdi. Kimera mütəxəsssisləri alt çərçivələri inkişaf etdirərək bir-birinə bağlayıblar və tam ölçülü məkanvari çərçivəni yaradıblar. Kuzov elementləri minimuma endirilib, ondan yalnız bir neçə qaynaq elementini - döşəməni, qapı boşluqlarını, ön şüşənin çərçivəsini, damın bir hissəsini götürüblər.
Asqıların ikiqollu arxitekturası da qorunub saxlanılıb - arxa tərəfdəki hər bir təkər iki amortizatorla təchiz edilir. Lakin asqıların geometriyası yenidən işlənib, qollar alüminiumdan hazırlanıb, amortizatorlar Andreani Group tərəfindən yığılmış müasir Öhlins dayaqlarıdır. Əyləclər - dörd porşenli Brembo monoblok supportları və alüminiumdan topu olan disklərlərdən ibarətdir.
Mühərrik əsasən eynidir - bu, 232 AR4 çuqun bloku, 16-klapanlı Abarth başlığı, Volumex kompressoru olan, Aurelio Lampredinin əfsanəvi Fiat Twin Cam konstruksiyasına əsaslanan dördsilindrli mühərrikdir.
Lakin Klaudio Lombardi, faktiki olaraq, mühərriki yenidən yaradıb: aqreqatın iş həcmi 2,2 litrə qədər artırılıb və onu həcmli üfürmə sistemi olan turbin və həcmli kompressor ilə təchiz ediblər. Güc aqreqatı Lancia Delta S4 ralli avtomobilinin mühərrikinə (o da Lombardi tərəfindən hazırlanmışdı) bənzəyir.
Mühərrikin yığılması, istehsalı və sınağından məşhur Italtecnica atelyesi məsuldur. Onun dəqiq xüsusiyyətləri hələ də açıqlanmayıb: mühərrikin gücünün 500 at qüvvəsini üstələdiyi, maksimal fırlanma anının isə təxminən 550 Nm olacağı məlumdur. Qeyri-adi mühərrik Lamborghini Gallardo modelinin sınanmış və etibarlı Graziano L140 ötürmələr qutusu ilə tandemdə çalışır.
Kimera Evo37 kupesinin dizaynında Lancia modelinin ən xarakterik xüsusiyyətləri öz əksini tapıb: iki cüt yuvarlaq fənəri olan düzbucaqlı ön tərəf, xarakterik çıxıntısı olan kapot, mühərrik bölümünün əyri forması, yan hava girişlərinin “qulaqları” və iri arxa spoiler buna dəlalət edir. Ancaq kuzov elementlərinin forması fərqlidir, işıq texnikası isə diodlardan hazırlanıb.
Kimera Automobili əfsanəvi kupenin müasir versiyasını 37 nüsxəlik tirajla buraxmağı planlaşdırır. Qeyd etmək gərəkdir, 11 avtomobil artıq öz sahibini tapıb.