Kostyum, ağ köynək və qalstuk - uğurlu kişi obrazıdır. Düzgün seçilmiş geyim imici yüksəldir. Kostyum boy, bədən forması, dəri, saç rəngi və sairə faktorlara görə seçilir.

Qafqazlı kişilərin bədən quruluşu Avropalılardan fərqli olduğuna görə Avropa istehsalı kostyumlar çox zaman uyğun gəlmir. Avropalıların əksəriyyəti fit, hündür, uzun qoldurlar. Qafqazlı kişilər isə orta boy, enli sinə, əksər hallarda dolu bədəndir. Azərbaycanda kişilərin əksər hissəsi oturaq və stressli həyat tərzi keçirdiyi, aktiv hərəkət və idmandan uzaq olduğu üçün artıq çəkili, yeməklərimizin çox yağlı və kalorili olması səbəbi ilə “qarınlı” olurlar.

Qarını gizlətməyin ən effektli yolu – pencəkdir. Düzgün tikilmiş pencək bədənin çatışmamazlığını çox sərrast gizlədə bilir. 

Son illər cütyaxalı kostyum və pencəklər trendədir. Bəzən kişilər düşünmədən belə kostyum və pencəklər alır, yaxud sifariş edirlər. İlk növbədə anlamaq lazımdır ki, cüt yaxa pencək bədəni vizual genişləndirir. Ona görə də o bəstəboy və dolu bədəni olanlara qətiyyən məsləhət deyil. Cütyaxa yalnız arıq və hündür kişilərə uyğundur. Boyu kiçildən digər detallardan biri də şalvarın manjetidir. Bəstəboy kişilər ondan da imtina etməli olacaqlar.

Klassik iki düyməli və orta enli yaxalı pencək heç zaman dəbdən düşmür, ona görə onu uzun illər geyinmək mümkündür. Məhz belə pencək hamıya uyğun gəlir.

Ən universal – tünd göy, boz və kömür rənglərdir. Parçaların printləri (naxışlar) də vacib amilllərdəndir. Vertikal incə zolaqlı kostyum boyu daha hündür edir, horizontal zolaqlar və damalı isə vizual kiçildir. Vertikal zolaqlı kostyumu çox arıq və hündür kişilərə məsləhət deyi, çünki visual daha incə edəcək. Monoxrom və naxışsız parçadan olan kostyum universaldır. 

Son payız-qış sezonların dəblərindən biri də tvid (yun) “yolka” printli parçadan hazırlanmış kostyum və pencəkdir. Belə kosyum formal deyil, kəjualdır. Tvid idman pencək (bleyzer) cins və çəkmə ilə dəbli obraz yaradır. Belə kostyumun pencəyini cinslə, şalvarını isə denim gödəkcə ilə kombin edərək, müxtəlif görünüşlər yaratmaq olar.

Qış-payız fəsillər üçün kostyum/pencək yun, pambıq, yun-kəşmir-pambıq-ipək qarışıqlarıından olarsa daha isti saxlayacaqdır. Bu parçaların keyfiyyətli olmasını ən asan təyin yolu – istehsalçının brendi ola bilər. 

Kupro (Cupro) astar parçası

Payız-qış pencəklərinin astarının materialı da vacib hissələrdəndir. Yüksək keyfiyyətli geyimlər kupro və bemberq ilə astarlanır. Kostyum sifariş edərkən yaxud dükanda alarkən əksəriyyət astara çox da diqqət etmir.

Bahalı pencəklərə təbii ipəkdən astar tikilir, lakin kupro daha praktikidir, çünki ipək bahalı, daha az “nəfəs alan”, tez aşınan materialdır. Digər yaxşı alternativ – viskozdur. Poliesteri isə kostyumun maya dəyərini endirmək üçün mass-market geyim istehsalçıları istifadə edir. Bəzən pencəyin qolları daha ucuz parça astardan tikilir, ona görə bu hissəyə diqqət etmək vacibdir.

Atelyedə kostyum sifariş edərkən bu detalları dərzi ilə müzakirə etməyi məsləhət görürəm.

İsti sezonlar üçün açıq boz, mavi, həfif qəhvəyi, bej, fil sümüyü və ağ rəng kostyumlar uyğundur. Onlar 100% kətan yaxud pambıq, yun-kətan, pambıq-kətan qarışığından olan parçalardan olarsa daha “sərin” saxlayaraq, tərləmənin qarşısını alacaq. Bu materilların hiqroskopik xüsusiyyətləri nəmi özünə çəkmək, təri udmaq və xaricə ötürmək qabiliyyətinə malik olmasıdır. Digər bir xüsusiyyət isə yaxşı havalandırmadır.

✽ İsti havalar üçün kostymlar haqqında – Yayın kətan modası ➤

Yay pencəkləri astarsız olur. Kətan parça yüksək havalandırma və higroskopiklik xüsusiyyətinə malik olduğu üçün isti havalara uyğundur. Sərin saxlayıb, təri udmaq və tez quruma üstünlükləri ilə yanaşı, çatışmayan cəhəti tez əzilməsidir. Amma, kətanın bu özəlliyindən hamı agah olduğundan heç də problem hesab edilmir, əksinə dəbli stil yaradır. Əgər əzilməsi narahat edirsə, kətan və pambıq qarışıq parçadan (linen-cotton blend) tikilmiş kostyum yaxud pencək seçmək olar.

İlk baxışda poliester, poliamid və pambıq parçaların fərqi görünməyə bilər

Geyimin maya dəyərini ucuzlaşdırmaq üçün istehsalçılar təbii və sintetik materialların qarışığından olan parçalardan istifadə edirlər. Sintetik hissə yüksək olduqca qiymət də ucuz olur. 

Polietster, poliamidin təbii parça ilə qarışığı ona daha yüksək dözümlülük verir, 3-5% elastan isə elastiklik. Sintetik hissəinin səviyyəsi 20%-dən çox olmayanlara üstünlük vermək məsləhətdir. Amma, onların daha çox olması parçanın hava keçirməsini məhdudlaşdırır, həmçinin soyuq havada bədən istisini saxlamaqda çətinlik yaradır. Çox ucuz kostyum və pencəklər isə sintetik materiallardan yaxud onların faizi yüksək olan parçalardan tikilir. Bununla yanaşı parçanın pambıqdan olması da yüksək keyfiyyətə zəmanət deyil, çünki pambıq parçaların da müxtəlif sinifləri və növləri mövcuddur. Mass-market orta sinif markalar daha aşağı sinif, bahalı brendlər isə yüksək keyfiyyətli pambıq parçalardan istifadə edir. Premium geyim isə çox zaman 100% yun, yay üçün yun-kətan parçadan hazırlayır.

Sintetik materialdan olan kostyumlar isti fəsillərdə tez tərləməyə yol açır, çünki havalandırma qabiliyyəti yoxdur. Geyimin daxilində karbon dioksid yığılıraq insanın sağlamlığına və hissiyatına mənfi təsir göstərir. Ona görə geyimlərin havalandırılma xüsusiyyəti mühüm əhəmiyyət kəsb edir.

Corneliani kostyum, 60% lyocell, 34% təbii yun, 5% kaşemir, 1% elastan

Kimyavi yolla süllulozdan alınan Lyocell (Tencer) parça pambıq materialın bütün özəlliklərinə malik olmaqla yanaşı həm də dözümlüdür, əzilmir, tez quruyur, gigyenik, hipoalergen xarakterə malikdir, elastik, ipək görünüşlü və toxunmada çox xoş materialdır. Lakin, bahalı olduğu üçün onu pambıq, yun, kaşemir ilə qarışdırırlar. Belə materialdan kostyum və pencəklər üçün Premium markalar istifadə edir, bu da məmulatın qiymətinin yüksək olmasına səbəb olur.

Digər faktor – pencəyin düymələridir. Bahalı pencəklərdə düymələr təbii materiallardan (buynuz, sümük, korozo və ya perlamutr) olur. Bleyzerlərdə bəzi hallarda metal düymələr istifadə olunur. Ucuz pencəklərdə isə plastik düymələr yer alır.

Bahalı pencəklərin bir hissəsi əl işi olur.  Hətta düymə ilməkləri, bəzən düymələr əl ilə tikilir. Lakin fabrik istehsalında hər ikisini dəzgahlar edir.

Pencəyin qollarındakı düymələr adətən parçanın üstünə tikilir, ilməklər isə dekorativ olur. Bahalı pencəklərdə bu düymələri açmaq mümkündür, bu da sifarişlə tikilmənin göstəricilərindəndir. Bunu nümayiş etdirmək üçün düymələrin 1-2-sini açıq saxlamaq yetər. Son zamanlar orta markalar onun imitasiyası olaraq pencəyin qol düymələrini alt hissəyə tikib, açılmış görünüşünü yaradırlar.

Keyfiyyətli kostyum və pencəkdə müxtəlif hissələrin ornamentləri, naxışları bir-birinə uyğun gəlir. Bu halda tikiliş üçün parça daha çox sərf olunur. Lakin, bu xərc əşyanın maya dəyərinə daxildir, ona görə də daha baha qiymətə satılır.

Keyfiyyətli pencəyin döş cibi aşağı ciblərə paralel deyil, müəyyən dərəcə meyilli olmalıdır. Tam horizontal olduğunda vizual olaraq çiyinin enini azaldır.

Image alt Image alt Image alt Image alt Image alt

Pencəyin cibləri də müxtəlif olur: şaquli, meyilli, qapaqlı yaxud qapaqsız, kəsik yaxud üstdən qoyma ciblər. Klassik pencəklərdə yan ciblər kəsik, qapaqlı və şaquli olur. Meyilli yan ciblər kəjual pencəklərə və kostyumlara xasdır. 

Trendlərdən biri də idman pencəyində (sport coat, blazer) ciblərin üstdən tikilməsidir. Əsasən belə pencəklərdə yan ciblər üstdə olur, döş cib isə klassik olaraq kəsik şəkilində olur. Digər bir növ isə yan ciblərlə yanaşı döş cibində üstdə qoyulmasıdır. Bu pencəklərin seçimi yalnız zövqlə bağlıdır, hər ikisi gözəl kəjual obraz yaradır. Onları çinos şalvar, yaxud cinslə kombinə etmək olar. Bu obraza kəjual köynək, t-şört və polo uyğun olur. Döş cibində paşe-yaylığın olması obraza eleqantlıq gətirir.

Pencəyin uzunluğuna gəldikdə isə klassik pencək ombanı örtməlidir. Qısa pencəklər əsasən kəsual olur. Standartdan uzun olan pencəklər isə boyun kiçiklməsi effekti yaradacaq.

✽ Bu məqaləyə göz atın – Səyahət üçün qırışmayan kostyum ➤

Vaxtaşırı “Brend geyim almaq mənasızdır, artıq xərcdir” kimi fikirlərə rast gəlirəm. Premium sinif brendlər geyim hazırlayarakən yüksək keyfiyyətli parçalardan istifadə edir. Həmçinin onların istehsal üsulları daha səlist olur. Aşağı və orta markalar kostyum hazırlayarakən bir ölçünün müxtəlif bədən növlərinə uyğun olması üçün daha universal edir. Ona görə də çox hallarda alıcıya ölçüsü uyğun gəlsə də, tam olaraq "əyninə oturmur”. Mass-market kostyumlardan fərqli olaraq, premium brendlərin geyimləri çox halalrda uyğun gəlir.

Avropa bazarından fərqli olaraq, ABŞ-da geyimlər (köynək, pencək və digər geyim növləri) bədən ölçüsündən əlavə olaraq, uzunluğu 3 ölçüdə (pencəkdə S, R və L, köynəkdə 32-33, 34-35, 36-37) təklif olunur. Bu da onların bədən və qol uzunluğunu təyin edir. 

Ümumiyyətlə, ABŞ istehsalçıları Avropalılardan fərqli olaraq alıcılara daha geniş ölçü növləri təklif edirlər. Azərbaycanda əsasən Avropa və Türkiyə markaları populyar olduğu üçün, onlarda Amerikadakı kimi geniş ölçü seçimi yoxdur. 

Hazır kostyum yaxud pencəyi alandan sonra hər bir kişinin yolu dərziyə düşməlidir ki, onu özünə tam uyğunlaşdırsın. Ən ideal variant isə atelyedə öz ölçülərinə uyğun sifariş etməkdir. Çox hallarda, atelyedə sifariş və hazır kostyumun alınması (eyni səviyyə parça və tikiş) bənzər qiymətlərə başa gəlir. 

Standard boy və çəkisi olan kişilər üçün kostyum seçmək çox rahat olsa da, kiçik boy və dolu şəxslər üçün çətinlik yaradır, çünki standart kostyumun pencəyi uzun olacaq. Onu də qısaltdıqda forması itir.

Qeyri-standart bədən qurluşlu kişilərə atelyedə sifariş etmək ən yaxşı çıxış yoludur.

Sirafiş edilən kostyumun şalvarında kəmər halqaları əvəzinə yan tərəflərdə ayarlayıcı tikilir. Onlar şalvarın belini genişləndirib, daraltmaq üçündür. Ona görə kəmər taxmağa ehtiyac qalmır. Həm də bu kostyum yaxud şalvarın xüsusi sifarişlə tikilməsinə eyhamdır. 

Şalvarın beli tam sahibinə uyğun olması məsləhətdir. Çox böyük olduğu təqdirdə kəmərlə sıxarkən arxa hissədə  xoşagəlməz qırışlar yarana bilər. Belə hallar üçün şalvarın belini kiçiltmək üçün yan daraldıcı mövcuddur, yaxud dərziyə müraciət etmək lazımdır.

Trenddə hər növ geyimin dəbdə olması, şalvarlara da təsir edib. Slim, ensizləşən (tapered), düz (regular), geniş (relaxed) şalvarlar qəbul edilir. Bu halda da boy və çəkidən asılı olaraq seçim etmək lazımdır. 

Kostyum şalvarının balağı standartlara görə 19-22 cm enində olur. Şalvarın balağı ayaqqabının üstündə toplanmamalıdır, bir-iki qırış ola bilər, tam oturması lazımdır. Dəbli bəylər isə 1-2 cm qısa edə bilərlər ki, corablar görsənsin. Belə halda əlvan rəngli corablara üstünlük vermək daha yaxşı olar.

Digər dəbli dəst “üçlükdür”. Pencək və şalvarla dəstdə jilet olur. Jiletlərin də tək və cütyaxalı variantları olur. Təkyaxalı jilet daha sadə və dəbli görünəcək. Ümimiyyətlə, klassik kişi kostyumu minimalist, klassik dizaynda olması məsləhətdirki eleqant görünüş yaratsın. Jileti həmçinin jaket ilə əvəz etmək olar. Onun mütləq kostyumun rəngində olması şərt deyil.

Jilet və jaket də pencəkdə olduğu kimi ən alt düyməsi bağlanmayaraq açıq saxlanaması qəbul olunub.

Kostyumu seçərkən ən vacib olan amillər aşağıdakılardır:
● Pencək dar yaxud geniş olmamalıdır, tam uyğun, necə deyərlər “qutu kimi” oturmalıdır.
● Pencəyin çiyinləri kişinin çiyinlərinə tam oturmalı, böyük yaxud kiçik olmalı deyil. Ensiz çiyinlərə malik olanlar, pencəyi geniş çiyinli və fit bel sifariş etməsi daha uyğundur.
● Ön düyməni bağlayarkən heç bir qırış yaranmamalıdır. Bel hissəsi uyğun olduqda bu baş vermir.
● Oversize (böyük ölçülü) pencək geyinmək dəbli ola bilər, amma kişiyə qeyri-ciddi görünüş verəcək.

Pencəyin yaxasının eni və forması müxtəlif olur: ensiz, orta, geniş, biz uclu və şal. Yaxanın eni həm də qalstukun eni ilə həmahəng olmalıdır. Geniş yaxa ilə enli (8-9 cm yaxud daha enli), ensizlə 5-6 cm qalstuk uyğundur.

Biznes dress kod ağ, mavi və çizgili mavi köynəklər nəzərdə tutur. Əsasən qalstukun rəngi mavi, tünd göy, bordo, qızrmızı, boz olur. Qara rəng qalstuk taxmaq məsləhət deyil, çünki qalstuk diqqət çəkməlidir. 

 

Pencəyin döş cibindəki yaylığın qalstukla eyni olması konservator addımdır, fərqlənməsi daha müasir obraz verir.

Kostyum geyindikdə kəmər ayaqqabı ilə uyğun olmalıdır. Qara ayaqqabı ilə qara kəmər, qəhvəyi ilə isə mütləq eyni tonda olması vacib deyil, fərqli olması normal sayılır. Hətta, fərqli olması italyansayağı stildir. Qara ayaqqabı daha formal sayılsa da, Azərbaycanda kişilərin əksəriyyəti qara rəng ayaqqabı və corab geyinir. Ancaq, gündəlik istifadə üçün qəhvəyi, konyak və kürən rəng ayaqqabıya keçmək məsləhətdir. Bu ayaqqabıları bütün növ kostyumlarla geyinmək olar. Corab isə şalvarın rəngindən bir-iki ton tünd olması kişinin boyunu vizual hündürləşdirir.

✽ Bu məqaləyə də baxın – Ayaqqabını necə seçmək lazımdır ➤

Ən vacib hissələrdən biri qollardır. Pencəyin qolu baş barmağın əsasından 1.5-2 sm qısa olur. Bu məsafə isə köynəyin qolunun görünməsi üçün yetərlidir. Yəni, köynəyin qolu baş barmağın əsasında bitməlidir. Bu qayda kostyuma və onun sahibinə eleqant görünüş verir. 

Kostyum və pencəyin alınması, sifarişi zamanı keyfiyyətlisini seçmək onun uzun illər istifadəsi deməkdir. Gündəlik dress-kod kostyum nəzərdə tutursa, qarderobda azı hər fəsil üçün 3-4 kostyumun olmasını gərəkdir. Onları gündəlik dəyişərək daha uzun müddət istifadə etmək olar. Bir kostyumu gündəlik geyindikdə çox qısa zamanda formasını itirəcək, aşınacaq və yırtılacaq. Bu da xərci azaltmaq əvəzinə artırmaqla yanaşı xarici görünüşü səliqəsiz edəcək.

Özünə diqqət çəkmək istəməyənlər eyni kostyumdan bir neçə cüt əldə edərək, gündəlik dəyişə bilər. Amma, nəbadə qara kostyum olmasın. Bu halda ən yaxşı seçim – kömür (tünd boz) rəngdir. Çünki, o universal olduğu üçün ofisə, görüşlərə və müxtəlif mərasimlərə geyinmək üçün uyğundur.

Gündəlik fərqli görünmək üçün bir neçə cüt (bir-biri ilə uyğunlaşan müxtəlif rəng və naxışlı) pencək və şalvarların qarderobda olmasıdır. Bu halda onları müxtəlif kombinasiyalarda geyinərək, fərqli obrazlar yaratmaq olar. Pencək və şalvarlar üçün də yüxarıda qeyd olunanlar qaydalar keçərlidir. 

Kostyumun kişinin əynində yaxşı oturması onu yaraşıqlı edir, etibar yaradır və uğurlu olması haqqında mesaj verir. Atalar deyib ki, geyimə görə qarşılayıb, ağıla görə yola salırlar. Amma bu məsələdə bir ana diqqət yetirmək lazımdır ki, ilk təəsürat çox vacibdir. Bəzən, iş görüşməsi zamanı ilk təəsüratı ağıl ilə belə dəyişmək olmur. Çünki, insanlar şüuraltı olaraq uğurlu kişilərlə iş görmək istəyirlər. Eleqant xarici görünüş isə uğurluluğun simvoludur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.