Əksəriyyətiniz aktyor Kevin Hartı “Çox dəhşətli kino 3”, “Çox dəhşətli kino 4” və “Kişi kimi fikrləş” filmlərindən tanıyır. Eyni zamanda, Kevin klassik amerikan avtomobillərinin pərəstişkarı kimi də məşhurdur. Məsələn, bu ilin fevral ayında aktyor 1000 at qüvvəli Hellephant mühərriki ilə təchiz edilmiş 1970-ci ilin Dodge Charger modelini satın alıb. Görünən odur ki, Kevin heç də bununla kifayətlənmək fikrində deyil.
Keçən bazar günü Hart evə heyranedici bir kabrioletlə qayıdıb. Bu, 1959-cu ilin Chevrolet Corvette kabrioletidir. Aktyor avtomobili Skottsdeylsdə keçirilmiş Barrett-Jackson hərracında nə az, nə çox 825.000 dollara əldə edib. Əgər avtomobil üçün ödənilmiş məbləğin həddən ziyadə çox olduğunu düşünürsünüzsə, buyurub aşağıdakı şəkillərə baxa bilərsiniz.
Qarşımızda qeyri-adi bərpadan keçmiş klassik Corvette kabrioleti dayanıb. Modeldə baş vermiş ən nəzərəçarpacaq yenilik kapotun altındakı 6,2-litrlik V8 LT1 mühərrikidir. Bu aqreqat 460 at qüvvəsi və 610 Nm fırlanma anı hasil edir.
Mühərrikin gücü 4L75E “avtomatı” vasitəsi ilə arxa oxa ötürülür. Güclü mühərrik ilə yanaşı, kabriolet Wilwood əyləc mexanizmləri, hündürlüyü tənzimlənən müstəqil ArtMorrison asqısı və Strange yayları təchiz edilib. Avtomobil unikal EVOD təkər disklərini və Nitto whiwall şinlərini də əldə edib.
Avtomobilin interyeri də heyranedici xarici görünüşdən geri qalmır. Yeniliklər arasında 1959-cu ilin original Wonder Bar stereosisteminə bənzəyən qurğunu da göstərmək olar. Bu sistem çoxlu sayda dinamikə, sabvuferə və Bluetooth bağlantısına malikdir. Bərpa işlərinin yükəsk keyfiyyətinə nəzər salsaq, Kevinin 825 min dollar əbəs yerə xərcləmədiyini söyləmək olar.