Cim Retklifə məxsus olan Ineos kimya konserninin Ineos Automotive bölməsi "klassik Land Rover Defender fəlsəfəsinə" uyğun olaraq inşa edilmiş ilk avtomobilinin son dizaynını nümayiş etdirib. Gözlənildiyi kimi, avtomobilin utilitar xarakterini vurğulamaq üçün, onu "kvadrat" şəklində hazırlayıblar. Üstəlik, avtomobilin dizaynında "ilk" Defender modelindən başqa, Rumıniyada istehsal edilən ARO modellərinə də istinadlar var.
Defender modelinin böyük pərəstişkarı olan Cim Retklif 2016-cı ildə Land Rover şirkətinə klassik Defender modelinin istehsal xəttinin bir hissəsini və orijinal Defender modelinə hüquqları ona satmağı təklif edib. Lakin, cəhdinin uğursuzluqla nəticələndiyini görən Retklif yeni şirkəti yaradaraq modeli sıfırdan hazırlamaq qərarına gəlib.
Yeni modelin klassik Defender ofrouderinin daha müasir və etibarlı analoqu olacağı güman edilirdi. İş adamı Grenadier layihəsinə Daimler AG konserninə məxsus olan MBTech firmasını, Mercedes-Benz G-Class modelinin istehsalçısı olan Magna-Steyr şirkətini və hətta benzin və dizel mühərriklərinin tədarükçüsü kimi BMW konsernini də cəlb etməyə müvəffəq olub.
Grenadier layihəsinin əsas üstünlüyü onun klassik konstruksiyasındadır. Ofrouder üçün, pilləkən tipli polad rama hazırlanmışdır, asqıda isə Panar qolları olan bütöv körpülərdən istifadə edilir. Avtomobilin kuzovu alüminium, yüksək möhkəmlikli ərintilərin və kompozitlərin qarışığından hazırlanır.
Şirkət avtomobilin ümumi kütləsinin 2400 kiloqramı keçməyəcəyinə ümid edir. Güc qurğuları kimi 3,0-litrlik altısilindrli BMW B57/B58 mühərrikləri seçilib. Mühərriklər 8-pilləli ZF "avtomatı" və azaldıcı çərgəsi olan paylayıcı qutu ilə birlikdə çalışırlar.
Ofrouderin dizaynı seqmentin ən yaxşı nümayəndələrinə nəzər salınaraq hazırlanmışdır. Müəlliflər Jeep, Land Rover, eləcə də Toyota Hilux, FJ40, Nissan Patrol və Ford Bronco kimi modellərdən ilham aldıqlarını gizlətmirlər.
Bundan əlavə, onlar Unimog, hərbi yolsuzluq avtomobilləri və Afrika çöllərini fəth etmək üçün hazırlanmış prototiplər ilə maraqlanıblar. Buna baxmayaraq, Ineos Grenadier Retklifin çox sevdiyi Defender ilə çox oxşardır. Fənərlərin yerləşməsinə görə isə, avtomobil Rumıniyanın ARO modellərinə bənzəyir.
İndi işlər növbəti mərhələyə - resurs sınaqlarına adlamalıdır. Bu mərhələ təxminən bir il çəkəcəkdir və bu müddət ərzində prototiplər, ofroud da daxil olmaqla, 1,8 milyon kilometrə qədər məsafə qət edəcəklər.
Ineos Grenadier modelinin seriya istehsalına 2021-ci ilin sonlarında Uelsdəki zavodda başlanacaqdır. Əvvəlcə beşqapılı versiya satışa çıxacaqdır, sonra isə şirkət pikap kuzovlu versiyanı təqdim etməyi planlaşdırır.
Avtomobil təxminən 40 min funt sterlinqə başa gələcəkdir. Bu məbləğə Britaniyada "ikinci" Land Rover Defender modelini almaq olar.