Mercedes-Benz 300SL Gullwing modelini dünyada buraxılmış ilk superkardan biri hesab etmək olar. Avtomobil ikonasına çevrilmiş bu avtomobilin yaxşı vəziyyətdə olan nüsxələrinin qiyməti milyon dollarla hesablanır.
Belə unikal avtomobillərdən biri də bu günlərdə onlayn hərraca çıxarılmış Mercedes-Benz 300SL Gullwing kupesidir 1956-cı ildə 308 nüsxədə buraxılmış avtomobillərdən biri olan bu kupenin kuzovu Graphite Gray rənginə boyanıb. Modelin çiləmə sisteminə malik olan 3,0-litrlik sıralı altısilindrli mühərriki 215 at qüvvəsi hasil edir və arxa körpünün ötürmə əmsalından asılı olaraq onu 260 km/saata qədər sürətlənidirir.
Əslində klassik avtomobil texniki cəhətdən tamamilə yenilənib. Avtomobil yeni radiatora, termostata, yanacaq və yağlama sisteminə, bərpa edilmiş əyləclərə və ötürmələr qutusunun mexanizminə sahib olub. Bu siyahını davam etdirmək də olar.
Kupenin interyeri də əsaslı şəkildə bərpa edilibdir. Oturacaqlar, qapı panelləri və tavan yeni dəri və parça ilə üzlənmiş, taxtadan hazırlanmış opsional Nardi sükan çarxının rahat düşüb-minməni təmin edən qatlanma mexanizmi yenilənmişdir. Avtomobilin odometrindəki yürüş göstəricisi 32276 mildir.
Hazırda avtomobilə satın almaq üçün edilmiş son təklif bir milyon dollardır. Lakin, bu hələ sonuncu təklif deyil - 20 gün müddətində bu məbləğ ciddi şəkildə arta bilər.