2019-cu ildə qurulan Everrati şirkəti İngiltərənin Oksfordşir şəhərində yerləşir və klassik modelləri elektrokarlara çevirməklə məşğuldur. Buna "şedevrlərin korlanması" da demək olar, ancaq şirkət nümayəndələri köhnə avtomobillərin ömrünü uzatmaq kimi nəcib bir məqsədə qulluq elədiklərini söyləyirlər
Onlar, elektrokarlara çevrilmiş klassik avtomobillərin havanı çirkləndirmədiyi üçün, Avropada sərbəst şəkildə istismar edilə biləcəklərini xüsusi ilə vurğulayırlar. Everrati mütəxəssisləri artıq 964 seriyasından olan Porsche 911 modelinin, W113 seriyasından olan Mercedes SL (Pagoda) rodsterinin və IIA seriyasından olan Land Rover ofrouderinin elektrokara çevrilməsini həyata keçirirlər. İndi isə öz adını almış ən qabaqcıl avtomobil təqdim olunub.
Everrati Signature modeli elektrokara çevrilmiş Porsche 911 (964) kupesidir. İlk yığılan nüsxə 1991-ci ildə istehsal olunmuş avtomobilin əsasında hazırlanıb. Ancaq sportkarın sadəcə “ürəyi”dəyişdirilməyib – avtomobil ciddi şəkildə modernləşdirilib.
Məsələn, poladdan hazırlanmış xarici kuzov panellərini karbondan hazırlanmış yüngül analoqları əvəzləyib. Bunlara misal kimi, qanadları (xüsusi olaraq genişləndirilmiş), qapıları, baqaj qapağını və hətta damı göstərmək olar.
Əgər orijinal lyukun saxlanılması gərək olarsa, o zaman original dam yerində qalacaqdır. Bundan başqa, elektrokar Porsche firma kolleksiyasından götürülmüş müasir fənərləri və yüngül RS Cup bamperlərini əldə edib.
Hava ilə soyudulan benzin mühərriki yerini arxa oxda quraşdırılmış 507 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən elektrik mühərrikinə verib. Xatırlatmaq istərdik ki, hətta bu modeli top versiyası sayılan 911 Turbo S (964) sportkarı belə güc xarakteristikalarına malik deyildi.
Ötürmələr qutusu artıq yoxdur və müstəqil baza differensialının əvəzinə özükilidlənən Quaife differensialı quraşdırılıb. Avtomobildən çıxarılan orijinal daxili yanma mühərriki Everrati tərəfindən "qutuda" müştəriyə təhvil verilə və ya bir növ art-obyektə çevrilə bilər.
Bununla belə, səsboğucu sistemin çıxş boruları Porsche 911 modelinin əfsanəvi görünüşünü qorumaq üçün yerində qalıblar.
Dartma batareyasının tutumu 53 kilovat-saatdır, lakin şirkət onun harada yerləşdiyini açıqlamayıb. Avtomobilin qapalı təqdimatı zamanı çəkilmiş şəkillərdən göründüyü kimi, batareya (və ya onun bloklarından biri) ön hissədə quraşdırılıb. Dolu batareya 240 kilometrlik yürüş məsafəsi üçün kifayət etməlidir.
Şirkət, eyni zamanda, elektrik kupesinin kütləsinin 1450 kiloqram ağırlığındakı orijinal Porsche 911 modelindən daha az olacağını vəd edir. Elektrokar 100 km/saata sürətlənməyə dörd saniyədən az vaxt sərf edir.
Asqı sistemi konstruktiv olaraq dəyişməyib, lakin yaylar və amortizatorlar yeniləri ilə əvəzlənib. Everrati şirkəti həmçinin əlavə ödəniş qarşılığında Tractive adaptiv amortizatorlarını quraşdırmağa da hazırdır.
Sportkar 17 və ya 18 düymlük təkər diskləri, habelə müasir havalandırılan Brembo əyləcləri ilə təchiz edilir. Salonda Porsche Classic çeşidindən olan media sistemi və orijinal üslubda hazırlanmış yeni cihazlar paneli var: məsələn, taxometrin yerini enerji mübadiləsi şkalası tutub.
Tam hazır olan Everrati Signature sportkarı 250.000 funt sterlinqə başa gələcəkdir. Porsche loqotipləri yerlərində qalıblar. İlk müştəri avtomobilləri payızda hazır olacaqdırlar.