İsveç mənşəli Koenigsegg şirkəti özünün yüksək texnologiyalı hiperkarları ilə məşhurdur. İsveç istehsalçısının Twitter sosial şəbəkəsindəki rəsmi səhifəsində hiperkar almaq istəyənləri iki il yarımlıq növbənin gözlədiyi bildirilmişdir.
Koenigsegg şirkətinin nümayəndələrinin sözlərinə görə, onlar avtomobillərin istehsalını artırmaq və növbəni azaltmaq niyyətidədirlər. Bununla belə, son 14 ildə Koenigsegg şirkəti cəmi 150 ədəd avtomobil istehsal etmişdir. Eyni zamanda, müasir modellərin bütün tirajı demək olar ki, tamamilə satılmışdır.
Bunlar 25 nüsxədən ibarət olan Agera və 7 ədəd One:1 hiperkarlarıdır. İstehsal xəttində yeganə qalan avtomobil isə Regera hibrididir ki, onun da seriya variantı bu il keçirilən Cenevrə avtosalonunda təqdim edilmişdi.
Koenigsegg Regera hiperkarı tərkibinə 1100 at qüvvəli beş litlik V8 mühərriki, üç elektromotor, 800 voltluq batareyalar dəsti və bir pilləli transmissiya daxil olan hibrid güc qurğusu ilə hərəkətə gəlir. Hibrid gurğunun ümumi gücü 1790 at qüvvəsi, fırlanma anı isə 2083 Nm təşkil edir.