Mənə elə gəlir ki, Kristian fon Köniqseqq Ştefan Vinkelmannla məzələnməyi özünə məşğuliyyət seçib. Bugatti’nin hər rekord yürüşündən sonra, Koenigsegg fransızların rekordunu urvatsız etmək üçün əlindən gələni edir.
Xatırlayırsınız isə, Xuan Pablo Montoyanın idarə etdiyi Bugatti Chiron modeli yerindən 400 km/saata qədər sürətlənərək tam dayanmağa 41,96 saniyəyə sərf etmişdi. Bir ay sonra isə, Koenigsegg Agera RS modeli eyni işi 36,44 saniyəyə görərək, fransızların rekordunu yerlə yeksan etmişdi. Lakin, fransızlar da «az aşın duzu deyillərmiş» - son rekordlarına şərh verərkən, onlar Koenigsegg’in Nevadadakı yoldakı enişdən istifadə etdiyini vurğulamışdılar.
İsveçlilər də tənbəllik etməyərək, tərəf müqabillərinə tutarlı cavab hazırlayıblar. Bir neçə gün bundan öncə, Koenigsegg şirkətinin test pilotu Sonni Persson Rodun hava limanının eniş zolağında yeni rekorda imza atıb. Bu dəfə Sonni Koenigsegg Regera superhibridinin sükanı arxasında 0-400-0 km/saat yürüyüşünü 31,49 saniyəyə başa vurub. Bu, Agera RS modelinin göstəricisindən 1,8 saniyə yeyindir. Üstəlik Regera düzlükdə hərəkət zaman yoldakı kələ-kötürlərdən yan keçməli olub.
Xatırladaq ki, Konigsegg Regera tərkibinə 5,0-litrlik biturbo V8 mühərriki, üç elektromotor və unikal Koenigsegg Direct Drive (KDD) transmissiyası daxil olan hibrid güc qurğusu ilə hərəkətə gəlir. Hibrid qurğunun hasilatı 1500 at qüvvəsi və 2000 Nm təşkil edir. Yerindən 100 km/saat həddinə Regera 2,8 saniyəyə sürətlənir.