Yunan mifologiyasında aslan başı və boynu, keçi bədəni və ilan quyruğu olan məxluq Ximera adlanır və bu ad Koenigsegg Agera RS hiperkarında baş vermiş dəyişiklikləri mükəmməl şəkildə əks etdirir. Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed Ben Sulayem üçün hazırlanmış unikal hiperkar məhz belə adlanır və əslində, özündə üç fərqli avtomobili birləşdirir: Agera, Jesko və CC850. Koenigsegg əvvəllər heç vaxt belə bir şey etməyib və Chimera hiperkarının yeganə nüsxədə qalması ehtimalı çox böyükdür.
Agera RS hiperkarının tanış görünüşünün arxasında tamamilə yeni texniki hissə gizlidir. Əgər orijinal avtomobildə 1360 at qüvvəsi və 1371 Nm fırlanma anı hasil edən 5,0-litrlik V8 biturbo mühərriki quraşdırılırsa, Chimera Jesko hiperkarından götürülmüş aqreqat ilə hərəkətə gəlir.
Düz dirsəkli valı olan səkkizsilindrli mühərrik eyni həcmə malikdir, lakin E85 bioetanolu ilə 1600 qüvvəsi və 1500 Nm hasil edir (adi benzinlə - 1280 at qüvvəsi). Jesko modelində mühərrik doqquz pilləli Light Speed Transmission (LST) "robotu" ilə tandemdə çalışıir, Chimera hiperkarında isə, CC850 modelindən götürülmüş mürəkkəb mexaniki tranmissiya quraşdırılıb.
Transmissiya LST robotundan, mufta pedalından və açıq ötürmə mexanizmindən ibarətdir. Tranmsissyanın dəstəyi pedala, pedal isə, qutunun hidravlik muftalarına birləşdirilib. Bütün hərəkət edən hissələr, o cümlədən daxili hissələr bir-biri ilə sinxronlaşdırılır ki, bu da pillələrin adi şəkildə, əl ilə dəyişdirilməsi illüziyasını yaradır. Əslində, sürücü yalnız idarəetmə blokuna siqnal göndərir, elektronika isə, qalan işləri görür.
İmitasiya o qədər realdır ki, mufta pedalı yeyin buraxıldıqda avtomobil sönə bilər. Mexaniki rejimdə, adi yollar və trek üçün fərqli ötürmə nisbətləri dəstinə malik olan altı pillə mövcuddur. “Avtomat” rejimi transmissiyanın dəstəyini ən sağ mövqeyə doğru hərəkət etdirdikdə aktivləşir və doqquz pilləli LST qutusunun bütün üstünlüklərini təklif edir - ani pillə dəyişikliyindən tutmuş möhtəşəm sürətlənməni təmin edən UPOD funksiyasına qədər.
Ancaq yeniliklər bununla bitmir. Koenigsegg Chimera hiperkarı Regera və Jesko modelləri kimi SmartCluster rəqəmsal cihazlar panelini alıb. O, adi Agera RS modelində quraşdırılmayıb, lakin artıq başqa bir layihədə - Agera RS Refinement layihəsində istifadə olunub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.