Mercedes-Benz şirkəti ilə işləyən Antoni reklam agentliyində qeyri-adi iclas otağı peyda olub. Bu otaq keçən əsrin 80-ci illərində alman markası üçün vacib avtomobillərdən biri sayılan Mercedes-Benz 190 modelinin əsasında yaradılıb.
Qeyri-adi iclas otağı agentliyin ofisində yerləşir və ondan alman markasının nümayəndələrini qəbul etmək üçün istifadə edirlər. Yaşına baxmayaraq, avtomobil çox yaxşı vəziyyətdədir. Layihənin müəllifləri salondakı rahatlığı təmin etmək məqsədi ilə avtomobilin döşəməsini və sağ tərəfdəki qapılarını çıxarıblar.
Qeyri-adi iclas otağının şəkilləri Mercedes-Benz markasının marketinq üzrə direktoru Rob Helloueyin tvitterində dərc edilib. Onun sözlərinə görə, avtomobilin salonundakı kasetli maqnitofon işlək vəziyyətdədir, baqaj bölümündə isə mini-bar yerləşdirlib. Ön oturacaqlar arxadakılara tərəf döndərilib və mərkəzi konsolun bir hissəsi saxlanılıb. Məkanı genişləndirmək üçün sükan və pedallardan imtina edilsə də, salonun qalan hissələri olduğu kimi saxlanılıb.