Toyota Land Cruiser modeli bütün dünyada olduğu kimi Azərbaycanda da çox populyardır. Bu avtomobilin populyarlığını təsdiqləmək üçün elə bizim Bakı şəhərinin küçələrinə çıxmaq kifayət edir. Heç də təəccüblü deyil ki, bir çox tüninq atelyeləri məhz Land Cruiser 200 üçün müxtəlif tüninq proqramları təklif edir. Bu gün bu proqramların içərisində maraqlı olanlardan birini – Eight Star atelyesinin təklif etdiyi təkmilləşdirilmələri nəzərdən keçirəcəyik.

Yəqin ki, avtomobilin tüninqdən sonrakı halına baxdıqda bu atelyenin Yaponiyada yerləşdiyini anlayırsınız. Yalnız yapon tünerləri “kolxozçu” görkəminə malik olan ofroderə belə cəsarətli formalar bəxş edə bilərlər. Tünerlər Land Cruiser 200 modeli tərkibinə geniş hava girişləri olan yeni ön bamper və karbondan hazırlanmış arxa diffuzor quraşdırılan arxa bamper,  yeni yan kandarlar, təkər tağlarının genişləndiriciləri daxil olan aerodinamik kuzov dəstini əldə etmişdir. Bundan əlavə, damdakı iri spoyleri, arxa qapının üzərindəki bir qədər kiçik spoyleri və LED işıqlandırmanı göstərmək olar. Nəhayət ofroderin bu cəlbedici görkəmini eksklyuziv Forgiato Sedici-B diskləri tamamlayır. Yapon atelyesi bu dəyişikliklər üçün nə az, nə çox 6200 ABŞ dolları tələb edir. Sizcə, belə bir təkrarolunmaz ofroderə sahib olmaq üçün bu pulu ödəməyinə dəyərmi?