COVİD-19 aviaşirkətlərə ciddi zərbələr endirməyə davam edir. Bu günlərdə Britaniyanın easyJet büdcə hava yolları şirkətinin rəhbərliyi ilə sahibləri arasında ciddi münaqişə yaşanır: tərəflər COVID-19 pandemiyasının göstərdiyi misilsiz təsirə qarşı necə mübarizə aparmaq barədə fikir ayrılığına düşüblər. Bu fikir ayrılığı, şirkətin ən azından dörd rəhbərinin istefasına gətirib çıxara bilər - onların tezliklə digər böyük aviaşirkətlərdə iş tapmaq imkanları da olmayacaqdır.
Pandemiya ilə əlaqədar olaraq, kiprli milyarder və easyJet şirkətinin əsas sahibi Hacı-İoann Stelios, hava yolları şirkətinin direktorlar şurasından Airbus şirkəti ilə 107 ədəd A320/321neo təyyarələrinin alınmasına dair bağlanmış müqavilənin ləğv edilməsini və ya ona yenidən baxılmasını tələb edib. Bu razılaşmaya əsasən, bu il aviaşirkətin Airbus qarşısında öhdəlikləri 2 milyard funt sterlinq olmalıdır.
Stelios, müqavilənin qüvvədə qaldığı müddətdə, şirkətə sərmayə qoymayacağını və Andreas Birvirtdən başlayaraq, hər yeddi həftədən bir qeyri-icraçı direktorlardan (idarə heyətinə daxil olmayan direktor) birinin vəzifəsindən azad edilməsi barədə məsələni qaldıracağını söyləyib.