İsveçli Kristian fon Koenigsegg tərəfindən yaradılmış Koenigsegg şirkəti məhdud tirajlarla istehsal olunan və yalnız ən varlı avtomobil həvəskarları üçün əlçatan olan inanılmaz dərəcədə güclü və super bahalı hiperkarları ilə məşhurlaşıb.

Eyni zamanda, Koenigsegg markasının qurucusu ən sadə texniki həllərə üstünlük verir. Məsələn, onun qarajında Mazda MX-5 rodsteri və “qaynar” Toyota GR Yaris hetçbeki var. Bu günlərdə Kristian sonuncu avtomobili satmaq qərarına gəlib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İsveçli iş adamı Precious Black rənginə boyanmış “qaynar” yapon hetçbekini 2020-ci ildə alıb və onu Circuit Pack trek versiyasında sifariş edib. Görünən odur ki, iki il ərzində avtomobil qarajda boş-boş dayanmayıb, çünki Kristian və avtomobilin adı açıqlanmayan əvvəlki sahibi 10 730 kilometr yol qət ediblər.

Altı pilləli mexaniki ötürmələr qutusu və 275 at qüvvvəli mühərrikə malik olan tam ötürməli GR Yaris hetçbeki Collecting Cars meydançasında hərraca çıxarılıb. Bu xəbər yazılarkən avtomobilə olan təklif artıq 35 250 avroya çatıb. Bu, yeni Toyota hetçbekinin satış qiymətindən 20-25% ucuzdur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.