Artıq bildiyimiz kimi, bir müddətdir ki, Böyük Britaniyada yanacaq problemi yaşanır. Əslində ölkədə kifayət qədər yanacaq var, lakin bu yanacağı daşıyan yük avtomobillərini idarə edən sürücülər çatışmır. Səbəb isə bəllidir - Breksit. Brtaniyanın Avropa İttifaqından çıxmasından sonra, üstəlik də pandemiya səbəbindən yanacaqdaşıyan aavtomobillərin sürücüləri işləyən xaricilər ölkəni tərk etməli olublar. Bu yanacaq doldurma məntəqələrinin anbarlarının boşalmasına, panikaya və nəhəng növbələrin yaranmasına səbəb olub.

Məsələn, bu günlərdə Çeşir qraflığındakı Shell yanacaqdoldurma məntəqələrinin birində məşhur futbolçu Kriştianu Ronalduya məxsus olan Bentley Flying Spur sedanı görünüb. The Sun tabloidinin bildirdiyinə görə, sürücünün idarə etdiyi Bentley sedanı günorta saat ikidə yanacaqdoldurma məntəqəsinə gəlsə də, oranı axşam saat doqquzda tərk edib. Bununla belə, dəbdəbəli sedanın sürücüsü avtomobilin çəninə yanacaq vura bilməyib və YDM-dən əliboş qayıtmalı olub. Bir sözlə, Ronaldu da digər britaniyalılar kimi, yanacaq qıtlığından əziyyət çəkənlərin sırasına qoşulub.

Bentley ilə birlikdə Uilmslou şəhərindəki vokzalın yaxınlığındakı meydançada yerləşən yanacaqdoldurma məntəqəsinə Ronaldunun qorumalarının istifadə etdiyi gümüşü rəngli Range Rover ofrouderi də gəlib. Manchester United komandasının oyunçusu yanacaqdoldurma məntəqəsində görünməsə də, onun ailəsinin yaxınlıqdakı villada qaldığı məlumdur.

Range Rover stansiyasını tərk etsə də, Bentley avtomobili boş stansiyada yeddi saat ərzində yağışın altında yanacaqdaşıyan avtomobili gözləyib. Lakin yanacaqdaşıyan gəlməyib. The Sun tabloidinin bildirdiyinə görə, yanacaqdaşıyan gəlsəydi belə, Ronaldunun sürücüsü yalnız 30 funt sterlinqlik benzin vura biləcəkdi, çünki Shell benzin qıtlığı ucbatından belə bir müvəqqəti məhdudiyyəti tətbiq etməli olub.

Britaniya hökuməti bu probleemi aradan qaldırmaq üçün hərbiçiləri mobilizasiya etmək niyyətindədir: hərbi yük avtomobillərinin sürücüsü olan 75 hərbiçi yanacaq daşımaq üçün cəlb ediləcəkdir. Lazım gələrsə, bu işə əlavə 75 hərbiçi qoşulacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.