Ötən ilin mart ayında debüt etmiş Q6 e-tron baza modelinə onun kupeşəkilli versiyası - Audi Q6 Sportback e-tron elektrik krossoveri qoşulub. Bu ailə mahiyyət etibarilə, məşhur Audi Q5 modellərinin elektrik alternatividir. Odur ki, yeniliyi Audi Q5 Sportback krossoverinin ideya davamçısı saymaq olar.
Baza modeli ilə müqayisədə Sportback maili dam xəttinə və daha iti profilə malikdir. O, baza krossoverindən 37 millimetr (indi 1665 millimetr) alçaqdır. Bunun sayəsində Cx əmsalı azaldılıb (0,26-a qarşı 0,28), qalan cəhətdən isə, kupeşəkilli versiya adi Q6 e-tron krossoverini təkrarlayır. Digər ölçülər dəyişməyib: krossoverin uzunluğu 4771 millimetr, eni - 1965 millimetr, təkər bazası isə, 2899 millimetrdir.
Audi Q6 Sportback e-tron
Salon tam şəkildə baza krossoverindən götürülüb. Əyri ön paneldə iki standart ekrana malikdir: cihazlar paneli 11,9-düymlük, multimedia sistemi isə, 14,5-düymlük displeyə malikdir. Ön sərnişin üçün əlavə olaraq 10,9-düymlük üçüncü displey nəzərdə tutulub.
Son tendensiyalara uyğun olaraq, interyerdə təkrar emal edilmiş materiallardan geniş istifadə edilir: məsələn, qapılarda və ön paneldə tərbiq edilən Elastic Melange, eləcə də dam dirəkləri və tavan üçün istifadə olunan Draft parçası.
Audi Q6 Sportback e-tron
Kupeşəkilli elektrik krossoverinin praktikliyinin qorunmasına xüsusi diqqət yetirilib. Onun salonunda kiçik əşyalar üçün çoxlu saxlanc yerləri var, əsas baqajın həcmi - 511 litr, arxa cərgənin qatlanması halda isə, 1373 litr təşkil edir. Əlbəttə ki, bu göstəricilər Q6 e-tron baza (müvafiq olaraq 526 litr və 1529 litr) modelində olduğundan azdır. Hər iki variant da 64 litrlik əlavə ön baqaj bölməsinə malikdir.
Audi Q6 e-tron modeli Volkswagen konserninin PPE (Premium Platform Electric) elektrik platformasında inşa edilib. Xatırladaq ki, bu arxitektura Porsche Macan krossoverinin də əsasını təşkil edir. O, 800 voltluq elektrik sisteminə malikdir və geniş çeşiddə güc aqreqatlarını təklif edir.
Audi SQ6 Sportback e-tron
Başlanğıc versiyası arxa oxdakı 292 at qüvvəli yeganə elektrik mühərriki və 83 kilovat/saatlıq dartma batareyası ilə təklif olunur. İlk “yüzlüyə” sürətlənmə 7,0 saniyə çəkir, NEDC dövrünə görə pasport üzrə yürüş məsafəsi 545 kilometrdir. İkinci arxa ötürməli Q6 Sportback e-tron performance versiyası 306 at qüvvəli mühərrik və 100 kilovat/saatlıq batareya ilə təchiz olunub (eyni mühərrik nütü böyük modifikasiyalarda var).
Belə güc xarakteristikaları 100 km/saat həddinə 6,6 saniyəyə sürətlənmək üçün kifayət edir. Üstəlik, bu versiya modidikfasiya çeşidindəki ən uzunmənzilli krossoverdir: eyni versiyada olan adi krossoverdəki 641-ə qarşı 656 kilometr.
Audi SQ6 Sportback e-tron
Tam ötürməli Audi Q6 Sportback e-tron modelinin iki elektrik mühərriki 388 at qüvvəsi hasil edir və krossoveri 100 km/saata 5,9 saniyəyə sürətləndirir. Yürüş məsafəsi isə, 636 kilometrə çatır.
SQ6 Sportback e-tron top versiyası eyni güc qurğsusu ilə təchiz olunub, onun ikimühərrikli aqreqatı 517 at qüvvəsinə malikdir. 100 km/saat sürətlənmə 4,3 saniyə çəkir, yürüş məsafəsi isə, 607 kilometrdir.
Maksimum sürət bütün digər versiyalardakı 210 km/saatdan 230 km/saata qədər artırılıb. Şarj qurğusunun maksimal gücü 270 kilovat təşkil edir ki, bu da 22 dəqiqə ərzində yürüş ehtiyatının 10-dan 80%-ə qədər artırmağa imkan verir.
Yeni Audi Q6 Sportback e-tron ictimaiyyətə Paris avtosalonunda təqdim ediləcək, onun satışları isə, ilin sonunda başlayacaq. Bununla belə, Almaniyada onun qiyməti 65 900 avrodan başlayır. Müqayisə üçün: adi Q6 e-tron modelinin qiyməti 63 500 avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.