Yeni Pure Design firma dizayn üslubuna və yenilənmiş loqotipə malik olan ilk Buick avtomobili dəbdəbəli GL8 Century miniven olmalı idi. Onun debütü yayın əvvəlində baş tutmalı idi, lakin bu günə qədər dəbədəbəli minivenin tamölçülü təqdimatı keçirilməyib. Bu günlərdə işinə başlamış Çendu avtosalonunda isə, istehsala tam hazır olan Buick Envista krossoveri debüt edib və nəticədə yeni dövrün model çeşidinin ilk nümayəndəsi də məhz Envista olub.
Yeni firma dizayn ülubunun xarakterik xüsusiyyəti - radiator barmaqlığının geniş “ağzı” olan köpəkbalığı burnu şəklindəki ön tərəfidir. Envista Buick brendinin ilk kupeyə bənzər krossoveridir, bununla belə, o, ümumiyyətlə, krossoverlər çeşidinin bayraqdarı deyil, əksinə, onun ən kiçik nümayəndələrindən biridir. Kupe-kross Chevrolet Trailblazer və Buick Encore GX krossoverləri kimi eninə yerləşən mühərriki və Uatt mexanizmli yarımüstəqil arxa asqısı olan sadə VSS-F platformasına əsaslanır.
Yeni Chevrolet Envista modeli, ölçü və format baxımından, Geely Tugella və Haval F7x krossoverlərinin sinif yoldaşıdır. Onun uzunluğu 4638 millimetr, eni - 1816 millimetr, hündürlüyü - 1565 millimetr, təkər bazası isə, 2700 millimetrdir. Modifikasiya çeşidinə artıq Buick Envista GS “idman” versiyası da daxildir, lakin belə versiya baza modelindən yalnız vizual olaraq fərqlənir: torlu radiator barmaqlığı, qara rəngli eksteryer dekoru, qırmızı rəngli əyləc supportları, 18-düymlük təkər diskləri və interyerin tünd tərtibatı GS versiyasının seçilən cəhətləridir.
Salon müasir qanunlara uyğun tərtib edilib - günəşliksiz vahid panelin altında iki 10,25 düymlük ekran yerləşdirilib. Mediasistem səslə idarəetməyə və Baidu şirkətinin onlayn xidmətlərinə çıxışa malikdir. Bununla belə, klimat-kontrolun adi idarəetmə bloku olan mərkəzi konsol öz yerini qoruyub: daha sadə avtomobillərdə adi kondisioner, bahalı versiyalarda isə, tək zonalı klimat-kontrol quraşdırılır.
Opsiyalar arasında elektriklə tənzimlənən ön oturacaqlar, panoram dam, dairəvi müşahidə kameraları, ayrıca sabvuferli Arkamys səs sistemi və dəlikli dəri ilə bəzədilmiş ön panel var. Elektron köməkçilər dəsti də nəzərdə tutulub.
Yeni Buick Envista krossoveri satışa yeganə modifikasiyada - Ecotec seriyasından olan 184 at qüvvəli 1,5-litrlik “turbodördlük”, variator və ön ötürmə ilə təchiz edilmiş versiyada çıxacaqdır. Krossover 100 km/saat həddini 7,9 saniyəyə toplayır. Envista modelinin əsaslandığı VSS-F platforması tam ötürmə sisteminin quraşdırılmasını nəzərdə tutsa da, Buick belə bir versiyanı buraxacağını vəd etməyib. Hibrid güc qurğusu barədə də məlumat verilməyib.
Buick Envista modeli SAIC-GM müştərək müəssisəsi tərəfindən istehsal ediləcəkdir. Yeni krossoverin Çindəki satışlarına payızda başlanılmalıdır. Krossoverin qiyməti 22.000 dollardan başlayacaqdır. Sonradan, Envista krossoveri Buick Encore GX modeli kimi Amerikaya da ixrac edilə bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.