Keçən ilin avqust ayında Infiniti gələcək seriya modelinə işarə edən və şirkət üçün vacib bir layihəyə çevrilən QX65 Monograph konseptini təqdim edib. Birincisi, premium brend ana Nissan şirkətindəki böhran səbəbindən çeşidin iki modelə qədər (Infiniti QX60 krossoveri və Infiniti QX80 ofrouderi) ixtisar edilməsi təhlükəsi ilə üzləşib.
İkincisi, QX65 Monograph, şirkətin 2002-ci ildən 2017-ci ilə qədər istehsal olunmuş əfsanəvi Infiniti FX modelinə birbaşa istinaddır. İndi isə, QX65 krossoveri Monograph indeksini itirib və tam şəkildə təqdim olunub.
Yan pəncərə xətti, damın forması, arxa qapının meylliyi və arxa hissənin ümumi dizaynı həqiqətən də Infiniti FX modelini xatırladır. Bundan əlavə, QX65 orijinal QX60 modelindən iki mərtəbəli faraları və böyüdülmüş radiator barmaqlığı olan yenidən işlənmiş ön hissəsi ilə fərqlənir. Firma loqotipi işıqlandırmaya malikdir və digər işıqlandırma, habelə qapı kandarlarındakı opsional proyektor ilə birlikdə animasiyalı salamlamanı ifa edə bilər.
Yaradıcılar, xüsusilə Nissan GT-R superkarının Regal rəngindən ilhamlanaraq hazırlanmış qırmızı Sunfire kuzov boyası ilə qürur duyurlar. Əlavə parıltı üçün boyanın tərkibinə kiçik qızılı örtükləri olan şüşə hissəcikləri əlavə edilib.
Ən yüksək səviyyəli Autograph versiyası qara damı olan iki rəngli boyanmaya malikdir. Infiniti QX65 orijinal QX60 modelindən 10 millimetr uzundur və onun uzunluğu 5042 millimetr təşkil edir.
Digər ölçülər dəyişməz qalıb: krossoverin eni 2184 millimetr (yan güzgülər daxil olmaqla), hündürlüyü - 1770 millimetr, təkər bazasının ölçüsü isə, 2900 millimetrdir. Versiyadan asılı olaraq, 20 və ya 21 düymlük təkər diskləri quraşdırılır.
Salondakı əsas fərqlər üçüncü oturacaq cərgəsindən imtina və arxa sərnişinlərin başı üzərindəki boşluğun 15 millimetr azalmasıdır. Qalan halda isə, fərqlər yalnız daha parlaq idman dekorundan ibarətdir.
Ön paneldə əvvəlki kimi, cihazlar panelinin günəşlikli 12,3-düymlük ekranı və məlumat-əyləncə sisteminin planşeti yerləşir. Sonuncu müxtəlif Google xidmətləri ilə təchiz edilir. Krossover standart təchizatına elektron sürücü yardım sistemləri dəstinə malik olan firma ProPILOT adaptiv kruiz kontrolu daxildir, ən yüksək səviyyəli Autograph versiyası isə, qabaqcıl ProPILOT 2.1 yarı-avtonom idarəetmə sistemi ilə təchiz olunur.
Ən yüksək səviyyəli QX65 Autograph həmçinin 10,8-düymlük proyeksiya ekranı, qızdırılan, havalandırılan və masaj funksiyası olan ön oturacaqlar, yarı-anilin dəri ilə üzlənmiş salon, açıq teksturalı ağacdan dekor və 20 dinamikli Klipsch audio sistemi ilə təchiz olunur. Sonuncu modeldə baş dayaqlarında dinamiklər quraşdırılıb ki, bu da telefon zəngləri kimi fərdi səs parametrlərini tənzimləməyə imkan verir.
Amerikan ölçmə metoduna görə, standart baqaj bölməsinin həcmi 1014 litrdir. Arxa oturacaqlar qatlandıqda isə, baqaj həcmi 1917 litrə qədər artır ki, bu da QX60 krossoverinin müvafiq göstəricisindən 218 litr azdır.
Infiniti QX65 modelinin texniki hissəsi üç cərgəli versiyadan götürülüb. Kapotun altında doqquz pilləli avtomatik transmissiya və tam ötürmə sistemi ilə birlikdə çalışan 2.0 VC-Turbo turbomühərriki (272 at qüvvəsi, 387 Nm) yerləşir ki, bu da yeganə seçimdir.
Bununla belə, orijinal QX60 ön ötürmə sistemi ilə də əlçatandır. Kupeşəkilli krossover üçün xüsusi olaraq, güc aqreqatının daha aqressiv tənzimləmələri hazırlanıb. QX65 modelinin avadanlıq siyahısına, birbaşa funksiyaları ilə yanaşı, mühərrik səsini süni şəkildə gücləndirə bilən səs-küyün aktiv boğulması sistemi də daxil edilib. Müvafiq paketi sifariş etdikdə, yedəyə alınan qoşqunun maksimal çəkisi 2722 kiloqram təşkil edir.
Kupeşəkilli Infiniti QX65 krossoveri üçcərgəli QX60 modelinin də istehsal olunduğu Tennessi ştatının Smirna şəhərindəki zavodda buraxılacaq. İlk avtomobillər alıcıalara cari yayın əvvəlində çatdırılacaqlar, lakin qiymətlər artıq məlumdur: 54.000 dollardan 62.600 dollara qədər.
Müqayisə üçün, Infiniti QX60 krossoverinin qiyməti hazırda 51.600 dollardan 66.700 dollara qədərdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









