Bu gün İnternet şəbəkəsində Skoda Enyaq elektrokarının yeni versiyasının casus şəkilləri peyda olub. Ən maraqlısı odur ki, yeni prototip çex markasının ilk elektrik krossoverinin rəsmi debütündən bir neçə gün sonra casuslar tərəfindən testlər zamanı yaxalanıb. Şəkillərdən də gördüyünüz kimi, yeni prototip hazırda dəbdə olan kupeşəkilli kuzova malikdir.
Casuslar tərəfindən çəkilmiş şəkillərdəki kupeşəkilli krossoverin eksteryer dizaynı güclü kamuflyaj örtüyü ilə gizlədilib - yalnız ön fənərlərin nazik zolaqları, radiator barmaqlığının aşağı hissəsi və panoramik dam örtüyü nəzərə çarpır.
Lakin, bir neçə gün bundan öncə debüt etmiş Skoda Enyaq modelindən fərqli olaraq, kamuflyajlı krossoverin baqaj qapısına doğru hamar şəkildə enən dam xəttinə malikdir. Kupeşəkilli dizayn sayəsində yeni model daha dinamik siluetinə sahib olub.
Xatırladaq ki, Skoda Enyaq modelini rəsmi təqdimatı zamanı çex istehsalçısının nümayəndələri elektrik krossoverinin başqa modifikasiyaları haqqında məlumat verməyiblər. Böyük ehtimalla, yeni krossover GT indeksini alacaq və daha güclü elektrik mühərriklərini əldə edəcəkdir. Skoda Enyaq GT modeli 2020-ci ilin sonuna qədər debüt etməlidir.