Hər kəsin «Нива» kimi tanıdığı Lada 4x4 kompakt yolsuzluq avtomobilinin yeni nəsli 2018-ci ildə işıq üzü görəcəkdir. Bu barədə, «АвтоВАЗ» şirkətinin texniki planlarına əsaslanan «Известия» qəzeti xəbər vermişdir. Azərbaycanda da sevilən bu avtomobilin yeni nəsli indi də olduğu kimi, üç və beş qapılı kuzovla təklif ediləcəkdir. Bununla belə, avtomobilin ölçülərinin bir qədər artacağı da qeyd olunur. Yeni Lada 4x4 modelinin 122 at qüvvəsi güçü olan 1,8-litrlik benzin mühərriki və yeni sürətlər qutusu ilə təchiz ediləcəyi güman edilir. Yeni avtomobilin istehsalı bu günkü avtomobillə paralel aparılacaqdır.
Rus şirkəti bir müddət əvvəl bu günkü Lada 4x4 modelini 2021-ci ilədək konveyerdə saxlayacağını bəyan etmişdi. Bununla bərabər, 2016-ci il ərzində avtomobilin təkmilləşdirilməsi prosesinə start veriləcəkdir.
Deyilənlərə görə, avtomobil daha güclü mühərrik və yenilənmiş transmissiya əldə edəcəkdir. Hal-hazırda, Lada 4x4 modeli 83 at qüvvəli 1,7-litrlik benzin mühərriki və beş pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilir.
Yeniliklərə gəldikdə isə, avtomobilin ön ötürmə sistemində və muftanın hidravlik ötürməsində dəyişiklik ediləcəkdir. Bundan əlavə, Lada 4x4 modeli baqaj bölməsinin yeni işıqlandırması, yeni dizaynlı radiator barmaqlığı ilə təchiz ediləcəkdir. Beş qapılı modifikasiyanın təchizatına ABS sistemi və İSOFİX bağlanmaları daxil ediləcəkdir.