Rusiyanın büdcə avtomobilləri istehsalçısı olan АвтоВАЗ şirkətinin istehsal etdiyi Vesta modelinin bütün yollar üçün olan variantının - Vesta Cross modelinin şəkli Автосреда nəşri tərəfindən dərc edilmişdir. Xatırladaq ki, eyni adlı konsept avtomobili 2015-ci ilin avqust ayında Moskva şəhərində keşirilmiş Moscow Off-Road Show sərgisində nümayiş etdirilmişdir.
Dərc edilmiş şəkildə təsvir olunan avtomobil konseptdən işıq texnikası və təkər diskləri ilə seçilir. Çox güman ki, seriya avtomobili həmçinin baqaj bölümünün qapısı üzərindəki spoylerdən də məhrum olacaqdır. Təqdim edilmiş məlumata əsasən Lada Vesta Cross modelinin istehsalına bu ilin sentyabr ayının 25-tarixində start veriləcəkdir.
Güman edilir ki, avtomobil öndən çəkiş sistemi ilə təchiz ediləcəkdir. Lakin, sonradan tam ötürməli çəkiş sisteminin də quraşdırılacağı ehtimal olunur. Avtomobil 106 at qüvvəsi olan 1,6-litrlik benzin mühərriki ilə hərəkətə gələcəkdir. Güc aqreqatı beş pilləli mexaniki və ya robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışacaqdır.