AvtoVAZ şirkəti istehsal etdiyi avtomobilləri Yaponiyanın Jatco firmasının istehsalı olan pilləsiz transmissiya ilə təchiz etməyə başlayıb. Variatoru ilkin olaraq Lada XRay Cross hetçbeki alıb.
Lada XRay Cross modelində quraşdırılan variator, rus avtomobili ilə eyni platformanı bölüşən Renault Kaptur, Logan Stepway City və Sandero Stepway City modellərində də tətbiq edilir. Transmissiya aşağı sinif minik avtomobilləri və krossoverlərdə istifadə üçün hazırlanmışdır. AvtoVAZ isə, variatoru Rusiyadakı istismar şəraitinə uyğun olan tənzimləmələr ilə təmin edib.
Variatorun əsas xüsusiyyəti çivi-qayışlı ötürmənin qarşısında yerləşdirilən ikipilləli hidrotransformatordur. Bu tandem yüksək yükləmələr zamanı avtomobilin işini yüngülləşdirməlidir. Məsələn, qoşqunun yedəyə alınması zamanı və ya uzunsürən yoxuşlarda. Bundan başqa, reduktor qurğunu 13% yüngül etməyə imkan verib. Yeni transmissiya avtomobilin klirensinə təsir etməyib – klirens əvvəlki kimi 215 mm-dir.
Variator yalnız 113 at qüvvəsi və 152 Nm fırlanma anı hasil edən 1,6-litrlik mühərrik ilə tandemdə çalışır. Yeni modifikasiyanın xarakteristikaları və qiyməti açıqlanmayıb. Yeni modifikasiyanın istehsalına avqust ayında başlanacaqdır. Hazırda Lada XRay Cross 122 at qüvvəli 1,8-litrlik mühərrik və 5-pilləli mexaniki transmissiya ilə təklif edilir.