Ötən il Lamborghini şirkəti üçün rekord ili olub. İtalyan markası dünya üzrə 10 687 avtomobil satıb ki, bu da 2023-cü ildə əldə edilən əvvəlki maksimumdan 6% çoxdur. Ən çox superkar EMEA regionunda (Avropa, Yaxın Şərq və Afrikada) satılıb. Lamborghini modellər üzrə göstəriciləri açıqlamır, lakin avtomobillərə növbə artıq illər əvvəl tutulub. Alıcıların sevimliləri Urus və Revuelto modelləridir.

Lamborghini 2024-cü ildə EMEA regionunda 4227 avtomobil satmağı bacarıb. Bu, 2023-cü illə müqayisədə 6% çoxdur. İkinci yeri hər iki Amerika qitəsi tutur: ora 3712 avtomobil göndərilib və artım 7% təşkil edib. Çin də daxil olmaqla, Asiya-Sakit Okean regionunda (APAC) 2748 Lamborghini satılıb ki, bu da keçən illə müqayisədə 3% çoxdur.

Plagin hibrid sisteminə keçən Urus krossoveri ən populyar Lamborghini avtomobili olub. İtalyan istehsalçısı elektrikləşdirilmiş Urus modelinin "qlobal miqyasda dərhal müsbət reaksiya" göstərildiyini bildirib. Krossoverə olan növbə 2026-cı ilə qədər uzanır.

Bununla belə, tələbatda ən böyük artımı V12 mühərrikinə əsaslanan hibrid sistem ilə təchiz edilmiş Revuelto superkarı göstərib. Bu halda yeni alıcılar superkarı 2027-ci ilə qədər gözləməli olacaqlar.

2024-cü ildə əldə edilən uğurun əsas drayveri təqaüdə göndəriləcək Huracan superkarı olub. O, 2025-ci ildə öz yerini əhəmiyyətli dərəcədə daha güclü V8 mühərriki ilə təchiz edilən Temerario modelinə verəcək. Lamborghini şirkəti Temerario superkarının top versiyasının gücünün min at qüvvəsini keçəcəyini vəd edib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.