Lamborghini şirkəti Aventador S modelinin açıq modifikasiyası olan Aventador S Roadster modelini təqdim edib. Yeni rodsterin kütləvi nümayişi bu ayın ortasında qapılarını ziyarətçilərin üzünə açacaq Frankfurt avtosalonunda keçiriləcəkdir.
Superkar karbondan hazırlanmış çıxarılan tavan panelləri ilə təchiz edilmişdir ki, bu elementlərin ümumi çəkisi altı kiloqramdır. Söküldükdən sonra panelləri avtomobilin öndəki baqaj bölümündə saxlamaq olar. Qeyd etmək gərəkdir ki, “açıq” Aventador S kupedən 50 kiloqram ağırdır. Çıxarılan tavan “təmiz” tutqun karbon rəngindədir. Arzulayanlar onu qara parlaq və yaxud “laklanmış karbon” rənginə boyatdıra bilərlər.
Tavanın daxili hissəsi alkantara ilə üzlənib. Opsional olaraq, alkantaradan yüngül olan Carbon Skin adlı parçanı da sifariş etmək mümkündür. Əlavə ödənişlə bu parça ilə ön panelin elementlərini də üzləmək olar. Superkarın 6,5-litrlik V12 mühərrikinin gücü 740 at qüvvəsi, fırlanma amı isə 690 Nm təşkil edir. Lamborghini Aventador S Roadster 100 km/saat həddini 3,0 saniyəyə toplayır. 200 km/saat sürətini yığmağa 9,0 saniyə 300 km/saat üçün isə 24,6 saniyə tələb olunur. Superkarın maksimal sürəti 350 km/saata bərabərdir. Yeni rodsterin Avropa bazarındakı satışlarına gələn ilin fevral ayında başlanacaqdır.
Superkar 313666 avrodan başlayan qiymətlərlə satılacaq.